


Almaniyanın 30-dan çox şəhərində ifrat sağçılığa qarşı etiraz aksiyaları keçirilib
Berlin, 13 sentyabr, AZƏRTAC
Almaniyanın 35-dən çox şəhərində on minlərlə insan ifrat sağçılığa qarşı və demokratiyanın müdafiəsi tələbi ilə etiraz aksiyaları keçiriblər. Aksiyalar xüsusilə Saksoniya-Anhalt əyalətində keçirilmiş parlament seçkilərində “Almaniya üçün Alternativ” (AfD) partiyasının uğurundan sonra təşkil olunub.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Münxen, Hamburq, Berlin, Maqdeburq, Şverin, Drezden və Leypsiq də daxil olmaqla, bir sıra şəhərlərdə keçirilən aksiyalarda demokratik həmrəylik çağırışları səsləndirilib.
Berlin polisinin məlumatına görə, paytaxtdakı nümayişə təxminən 13 min nəfər qatılıb. Münxendə iştirakçıların sayı 12 min, Düsseldorfta isə 20 min nəfər olub. Hamburqda təşkilatçılar aksiyaya təxminən 20 min insanın qatıldığını bildiriblər.
Hamburqdakı nümayiş iştirakçıları AfD-nin qadağan olunması prosedurunun başlanmasının nəzərdən keçirilməsini tələb ediblər.
Etiraz aksiyalarına 100-dən çox təşkilat, təşəbbüs və həmkarlar ittifaqı qoşulub.