


Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir
Bakı, 9 sentyabr, AZƏRTAC
İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi BMT regionları arasında rotasiya əsasında rəqabətli proses nəticəsində müəyyən edilir və ölkəmiz Şərqi Avropa qrupunda rəqabətli bir şəkildə bu tədbirə ev sahibliyi etmək hüququ qazanıb. Bir tərəfdən hesab edirik ki, bu ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasının, ölkəmizə olan etimadın bir göstəricisidir. Digər tərəfdən də COP29 irsinin davam etdirilməsi kontekstində olduqca önəmli bir zəmindir və həmin o irsin davam etdirilməsinin vacib bir göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir tədbirdə iştirak səviyyəsinin yüksək olduğunu qeyd edib. O, Türkiyənin ev sahibi olacağı COP31 barədə də fikir bildirib: "İqlim mövzusunda dünyada ən böyük və mühüm tədbir olan COP31 Antalyada həyata keçiriləcək. Bu baxımdan ölkəmizlə qardaş Türkiyə sədrliyi arasında çox sıx əlaqələr mövcuddur. Biz Antalyada keçiriləcək COP31-ə tam dəstək göstəririk və çox fəal şəkildə hazırlıq prosesində iştirak edirik".