


“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb
Bakı, 9 sentyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərənin “Mançester Yunayted” komandasına qarşı keçirəcək I tur oyunundan əvvəl “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb.
Klubun mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Umarali Raxmonaliyev komanda ilə birlikdə Mançester şəhərinə yollanıb. Baş məşqçi şans verəcəyi təqdirdə özbəkistanlı yarımmüdafiəçi meydana çıxa biləcək. Ksander Severinanın da çətin səfər görüşündə iştirakı sual altındadır.
Fransalı müdafiəçi Stiv Solve isə Bakıda qalıb və müalicəsini davam etdirir. Raxmonaliyev və Solve Azərbaycan Premyer Liqasının IV turunun “Zirə” ilə oyununda (5:0) zədələnib.
Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.