×
A
A
A
Sazlamalar

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Astana, 9 sentyabr, AZƏRTAC
Neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan bərpaolunan enerjinin inkişafına fəal şəkildə investisiya yatırır.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Astanada keçirilən “Astana Finance Days 2026” beynəlxalq maliyyə forumu çərçivəsində təşkil olunan Türk Yaşıl Maliyyə Şurasının ikinci illik toplantısı zamanı jurnalistlərə açıqlamasında deyib.
“Neft və qazla zəngin olan Azərbaycan və Qazaxıstanı götürsək, onlar bərpaolunan enerjiyə getdikcə daha çox vəsait yatırır. Xüsusilə də Azərbaycanda enerji profisiti var, lakin buna baxmayaraq, Xəzərdəki layihələr də daxil olmaqla, vəsaitlər bu sahəyə də yönəldilir”, - deyə TDT-nin Baş katibi qeyd edib.
Onun sözlərinə görə, ikinci toplantıda təşkilata üzv ölkələrin nümayəndələri yaşıl iqtisadiyyat və bərpaolunan enerji sahəsində əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər.
Kubanıçbek Ömüralıyev, həmçinin TDT dövlətlərində Günəş, külək və digər bərpaolunan enerji növlərinin fəal inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, təşkilata üzv ölkələr gələcək nəsilləri daha təmiz ətraf mühitlə təmin etməyə çalışırlar.
Qeyd edək ki, AZƏRTAC “Astana Finance Days 2026” forumunun rəsmi media tərəfdaşıdır.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

İqtisadiyyat 2026-09-09 13:23:00