


Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir
Astana, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yaşıl maliyyənin inkişafına yönəlmiş təşəbbüslərdə fəal iştirak edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Astanada keçirilən Türk Yaşıl Maliyyə Şurasının ikinci illik toplantısı çərçivəsində deyib.
“Azərbaycan Türk Dövlətləri Təşkilatının fəal üzvlərindən biridir. Artıq ikinci ildir ki, Türk Yaşıl Maliyyə Şurası fəaliyyət göstərir və ölkəmiz Şuranın təşəbbüslərində və toplantılarında fəal iştirak edir. Ötən il ilk toplantıda iştirak etmişdik, bu il isə artıq ikinci toplantı keçirilir”, - deyə Hüseyn Hüseynov bildirib.
Onun sözlərinə görə, builki toplantıda karbon bazarlarının inkişafı istiqamətində fəaliyyətin genişləndirilməsi, təbiət əsaslı həllərdə yaşıl maliyyə alətlərinin tətbiqi, eləcə də bu alətlərin üzv dövlətlərdə tətbiqi üçün bacarıqların artırılmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.
“Azərbaycanın inkişaf gündəliyində yaşıl iqtisadiyyatın inkişafı və yaşıl həllərin tətbiqi əsas prioritetlərdən biridir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində müəyyən edilən 5 milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsidir”, - deyə nazirin müşaviri qeyd edib.
Hüseyn Hüseynov bildirib ki, bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatların irəli sürdüyü və həyata keçirdiyi təşəbbüslər Azərbaycan tərəfindən dəstəklənir. Eyni zamanda, belə platformalarda müzakirə olunan məsələlər, üzv dövlətlərdə tətbiq edilən yaşıl maliyyə alətləri və bu sahədə formalaşan təcrübə öyrənilir, onların Azərbaycanda tətbiqi istiqamətində müvafiq işlər aparılır.
Qeyd edək ki, Türk Yaşıl Maliyyə Şurasının ikinci illik toplantısı “Astana Finance Days 2026” beynəlxalq maliyyə forumu çərçivəsində keçirilir.
AZƏRTAC “Astana Finance Days 2026” forumunun rəsmi media tərəfdaşıdır.