


COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO
Bakı, 9 sentyabr, AZƏRTAC
Böhran sərhədləri aşırsa, bizim də sərhədləri aşan iradə nümayiş etdirməyimiz lazımdır. İqlim ədaləti bizim yol göstəricimiz olaraq qalacaq və COP31 masasında həssas coğrafiyaların səsi olacağıq.
AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini, COP31-in icraçı direktoru Fatma Varank deyib.
F.Varank bildirib ki, COP31-in missiyası aydındır: öhdəlikləri konkret nəticələrə, təşəbbüslərə və investisiyalara çevirmək.
“Dünyaya yeni hədəf siyahılarından daha çox, mövcud hədəfləri kənd təsərrüfatında, sənayedə və şəhərlərdə real fəaliyyətə çevirəcək iradə lazımdır. Məhz buna görə COP31-i icraya yönəlmiş, gələcəyə baxan COP kimi müəyyənləşdirmişik”, - deyə F.Varank əlavə edib.