×
A
A
A
Sazlamalar

Məktəbəqədər təhsildə əhatəliliyin genişləndirilməsi istiqamətində tədbirlər görülür - nazir

Bakı, 8 sentyabr, AZƏRTAC

Məktəbəqədər təhsildə əhatəliliyin genişləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı bildirib.
Nazir bildirib ki, məktəbəqədər təhsilin əhatəliliyi 49 faiz təşkil edir. Uzunmüddətli perspektivdə məktəbəqədər təhsilin əhatəliliyinin 10 il ərzində 70–80 faizə çatdırılması hədəflənir. Bu çərçivədə dövlət tərəfindən həyata keçirilən layihəyə artıq 10 min uşaq cəlb olunub. Növbəti mərhələlərdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində də məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artırılması istiqamətində işlər görülür.
Emin Əmrullayev qeyd edib ki, məktəbəqədər təhsildə kəmiyyət baxımından mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. Xüsusilə Bakı şəhərində məktəbəqədər təhsilin əhatəliliyinin artırılması əsas hədəflərdən biridir. Regionlarda isə məktəbəqədər təhsil müəssisələrinin təhlükəsizliyi, mövcud imkanları və digər amillər nəzərə alınır. Bununla yanaşı, məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi daha mürəkkəb məsələ kimi qiymətləndirilir. Ötən il məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin təxminən 70 faizi qiymətləndirmədən keçə bilməyib.
Elm və təhsil naziri vurğulayıb ki, məktəbəqədər təhsil müəssisələrində təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. Müəssisələrdə uşaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı müəyyən edilmiş tələblərə əməl olunmadıqda əvvəlcə xəbərdarlıqlar edilir, zəruri hallarda isə həmin müəssisələrin fəaliyyəti dayandırılır.
Bildirilib ki, məktəbəqədər təhsildə qidalanmanın təşkili istiqamətində də son dövrdə müsbət dəyişikliklər müşahidə olunur. Özəl məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması və bu sahədə keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə bağlı işlər davam etdirilir.
“Məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsində əsas amillərdən biri də peşəkar tərbiyəçi-müəllimlərin hazırlanması və onların fəaliyyətinin təkmilləşdirilməsidir. Tərbiyəçi-müəllim yalnız uşaqlara nəzarət edən şəxs deyil, eyni zamanda, onların ilkin təhsil və inkişaf prosesində mühüm rol oynayan pedaqoqdur.
Bu baxımdan məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşəkarlığının artırılması, uşaqların psixologiyası və inkişaf xüsusiyyətləri üzrə hazırlığının gücləndirilməsi məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından əsas istiqamətlərdən biri hesab olunur”, - deyə nazir fikrini yekunlaşdırıb.

Müxbir – Nərmin Muradzadə
Fotoqraf – Orxan Kərimov
Videooperator – İlham Nadirov

 

Elm və təhsil 2026-09-08 13:52:00