×
A
A
A
Sazlamalar

Türk nümayəndə: Süni intellekt kənd təsərrüfatında riskləri əvvəlcədən müəyyən etməyə imkan verir

Bakı, 8 sentyabr, AZƏRTAC
Peyk görüntülərini, hava məlumatlarını, torpaq sensorlarını və təsərrüfat qeydlərini bir araya gətirməklə fəlakətlər baş verdikdən sonra reaksiya verməkdən uzaqlaşır və riskləri əvvəlcədən müəyyən etməyə başlayırıq. Süni intellekt böyük həcmdə məlumatları dərhal təhlil etməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Tolqaxan Bəxtiyar “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Rəqəmsal transformasiya və süni intellekt: İqlimədavamlı kənd təsərrüfatının formalaşdırılması” mövzusunda keçirilən panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsallaşma məlumatlara əsaslanan modellər vasitəsilə kənd təsərrüfatını dəyişir və fermerlərin potensialının artırılmasına yönəlir. Süni intellekt əkinlərin monitorinqi, quraqlığın qiymətləndirilməsi, xəstəliklərin aşkarlanması və sahənin ehtiyac duyduğu suyun dəqiq miqdarının müəyyənləşdirilməsi kimi istiqamətlərdə mühüm imkanlar yaradır: “Türkiyədə əsas istiqamətlərdən biri məsafədən zondlama və süni intellekt dəstəkli monitorinqdir. Peyk məlumatları maşın öyrənməsi alqoritmləri ilə birləşdirilərək iki il ərzində becərilməyən sahələr müəyyən edilir”.
Tolqaxan Bəxtiyar deyib ki, digər mühüm istiqamət suyun və quraqlığın idarə olunmasıdır. “Müxtəlif regionlarda torpaq, iqlim məlumatlarını və hava proqnozlarını təhlil edən sistem suya olan tələbatı və su istifadəsinin dəqiq miqdarını hesablamağa, həmçinin suvarma sistemlərinin harada tətbiq edilməli olduğunu müəyyənləşdirməyə kömək edir. Rəqəmsallaşmadan yalnız məhsuldarlığı maksimuma çatdırmaq üçün deyil, bu məhsuldarlığı mümkün edən təbii ehtiyatları qorumaq üçün də istifadə olunur. Dünya Bankının maliyyələşdirdiyi və nazirlik tərəfindən həyata keçirilən layihə çərçivəsində təxminən 14 milyon hektar ərazidə kənd təsərrüfatı məlumatlarının toplanması prosesi dəyişdirilir, peyk və dron məlumatları üçün süni intellekt dəstəkli təsvirlərin emalı mərkəzi yaradılır”, - deyə o diqqətə çatdırıb.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ölkəsində texnologiyanın yalnız bir neçə iri şirkətin əlində qalmaması üçün dövlət qrantları vasitəsilə iqlimə ağıllı texnologiyaların kiçik və ortaölçülü istehsalçılar arasında yayılması dəstəklənir: “Çünki fermer bu vasitələrə çıxış əldə edə bilmirsə, uyğunlaşma səyləri uğursuz olacaq. Bununla yanaşı, kibertəhlükəsizlik, bağlantı imkanları, avadanlıqların qiyməti və fermerlərin rəqəmsal bacarıqları əsas maneələr olaraq qalır. Buna görə də diqqət infrastruktura və fermerlərin təliminə yönəldilir. Biz ayrı-ayrı texnoloji vasitələri almaqdan uzaqlaşaraq məlumatlara əsaslanan inteqrasiya olunmuş kənd təsərrüfatının idarəedilməsi sisteminə doğru irəliləyirik. İqlim təzyiqləri artdıqca məqsədimiz yalnız bu gün həyata keçirdiyimiz kənd təsərrüfatını rəqəmsallaşdırmaq deyil, süni intellektdən istifadə etməklə daha sürətli, ağıllı və dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır”.

Müxbirlər - Göyçək Mahmudlu, Aytac Haqverdiyeva, L.Muradzadə
Fotoqraf - Azər İbrahimov, Səfiyar Məcnun
Videooperator - Mirrəsul Cəfərov

İqtisadiyyat 2026-09-08 13:39:00