


Dövlət İdarəçilik Akademiyasında “Çin Araşdırmalar Mərkəzi”nin açılışı olub
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Çin Araşdırmalar Mərkəzi”nin açılışı olub.
AZƏRTAC xəbər verir ki, DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxışında “Çin Araşdırmalar Mərkəzi”nin yaradılmasının Azərbaycan və Çin arasında elm, təhsil və idarəçilik sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında iki ölkənin siyasi partiyaları arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysin Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafından danışıb, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Mərkəzin yaradılması Azərbaycan və Çin arasında qarşılıqlı anlaşmanın, elmi və akademik əlaqələrin, eləcə də təcrübə mübadiləsinin inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradacaq.