


BCAW2026: “Qlobal enerji keçidi üçün elektrikləşmənin miqyasının genişləndirilməsi” - dəyirmi masa
Bakı, 7 sentyabr, AZƏRTAC
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW) çərçivəsində “Qlobal enerji keçidi üçün elektrikləşmənin miqyasının genişləndirilməsi” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə qlobal enerji keçidinin sürətləndirilməsi, elektrikləşmənin genişləndirilməsi, bərpaolunan enerjidən istifadənin artırılması və enerji səmərəliliyinin yüksəldilməsi məsələləri müzakirə olunub.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev çıxışında elektrikləşmənin sürətləndirilməsinin enerji keçidinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edib ki, dünya üzrə elektrikləşdirmə səviyyəsinin 35 faizə çatdırılması təklif olunur. “Başa düşürük ki, bu, heç də asan proses deyil, ənənəvi enerji növlərindən tədricən yeni və alternativ enerji mənbələrinə keçidin təməlidir. Bu proses təkcə energetikaya aid deyil. Bu proses nəqliyyat və digər sahələrə də toxunacaq”, - deyə M.Babayev əlavə edib.
COP30-un icraçı direktoru Ana Toni elektrikləşmə üzrə qlobal hədəflərə nail olmaq üçün özəl və maliyyə sektorlarının prosesə fəal cəlb edilməsinin vacibliyini vurğulayıb. O, Braziliyada elektrik enerjisi istehsalının təxminən 90 faizinin hidroenerji, Günəş və külək enerjisi də daxil olmaqla bərpaolunan mənbələr hesabına təmin edildiyini bildirib. “Bütün enerji sektorunun təxminən 50 faizi artıq bərpaolunan enerjiyə əsaslanır. Biz çox yaxşı başlanğıc mövqeyindəyik”, - deyə A.Toni bildirib. O, Braziliyada elektrikləşmə səviyyəsinin təxminən 22 faiz olduğunu bildirib və qarşıya qoyulan hədəflərə çatmağı böyük əraziyə malik ölkə üçün ciddi çağırış adlandırıb.
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini, COP31-in icraçı direktoru Fatma Varank qlobal enerji keçidi çərçivəsində müəyyənləşdirilən hədəflərin ölkələrin milli qanunvericiliyinə və siyasətlərini sürətləndirməsinə təkan verdiyini bildirib. “COP29-da Azərbaycanın sədrliyi dövründə irəli sürülən təşəbbüslər böyük maraq gördü və bu istiqamətdə işlər davam etdirildi. İndi isə COP31 çərçivəsində əsas mövzulardan biri elektrifikasiya olacaq. 2035-ci ilədək qlobal elektrifikasiya səviyyəsinin 35 faizə çatdırılması hədəflənir”, - deyə F.Varank bildirib.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera enerji təhlükəsizliyinin hazırda yenidən qlobal prioritetlərin önündə olduğunu bildirib. Qeyd edib ki, nəqliyyat, tikinti və sənaye kimi əsas sektorların bərpaolunan elektrik enerjisinin artan payı hesabına elektrikləşdirilməsi ölkələrə idxal olunan yanacaqlardan asılılığı azaltmağa, enerji səmərəliliyini artırmağa, enerji xərclərini sabitləşdirməyə və enerji sistemlərinin dayanıqlığını gücləndirməyə imkan verə bilər. “Məhz buna görə də IRENA hesab edir ki, qarşıdakı onillik elektrifikasiya onilliyi olmalı, daha təmiz, daha təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidi sürətləndirməlidir”, - deyə F.La Kamera bildirib.
SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Azərbaycanda həyata keçirilən konkret layihələrin də elektrikləşmə prosesinə töhfə verdiyini bildirib. Qeyd edib ki, Cəbrayıl rayonunda “Lightsource bp” tərəfindən 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi aparılır və layihənin 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Ə.İsayevin sözlərinə görə, layihənin həyata keçirilməsi Səngəçal neft-qaz terminalının elektrikləşdirilməsinə imkan verəcək. “Bu layihənin mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq virtual enerji ötürülməsi mexanizmindən istifadə edirik. Ümidvarıq ki, gələn il elektrik enerjisini neft-qaz terminalına çatdıraraq onun tam elektrikləşdirilməsini təmin edəcəyik”, - deyə SOCAR-ın vitse-prezidenti bildirib.
COP31-in Avstraliyadan olan nümayəndəsi David Higgins isə elektrikləşmə üzrə qlobal hədəflərə nail olmaq üçün siyasi liderliyin vacibliyini vurğulayıb. “Sizin qeyd etdiyiniz bütün elementləri və Françeskonun diqqətə çatdırdığı bütün imkanları əhatə etməliyik. Lakin bunların heç biri siyasi liderlik olmadan mümkün deyil. Məhz buna görə bu cür müzakirələr çox vacibdir”, - deyə D.Higgins bildirib. Qeyd edib ki, 2035-ci ilədək qlobal yekun enerji istehlakında 35 faizlik göstəriciyə nail olmaq daha uzunmüddətli hədəfə gedən yolda yalnız bir mərhələdir.
Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov isə Azərbaycanın həm Avropa, həm də qlobal miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olduğunu bildirib. O deyib ki, 2027-ci ilin sonunadək ölkənin quraşdırılmış generasiya güclərinin ümumi strukturunda bərpaolunan enerji mənbələrinin payının 34 faizə çatdırılması nəzərdə tutulur. “Hazırda bu göstərici 21 faiz səviyyəsindədir. Bu il bərpaolunan mənbələrdən enerji istehsalının həcmi ötən ilin göstəricilərinə nisbətən təxminən iki dəfə artacaq. Azərbaycanda artıq regionun ən böyük Günəş və külək elektrik stansiyaları fəaliyyət göstərir. Nisbətən kiçik ərazisinə və iqtisadiyyatının miqyasına baxmayaraq Azərbaycan yaşıl keçid sahəsində regional lider mövqeyini qoruyur”, - deyə E.Soltanov bildirib.
Dəyirmi masa müzakirələrlə davam edib.