


Britaniya hökuməti Portsmutdakı miqrant əleyhinə etirazları pisləyib
London, 7 sentyabr, AZƏRTAC
Britaniya hökuməti həftəsonu Portsmut şəhərində kiçik qayıqlarla ölkəyə gələn miqrantlara qarşı keçirilən etiraz aksiyası zamanı nümayişçilərin davranışını pisləyib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, həftəsonu Dover və Portsmut şəhərlərində yüzlərlə insanın iştirakı ilə keçirilən iki böyük aksiya ciddi nəqliyyat problemlərinə səbəb olub. İlk etiraz aksiyası sentyabrın 5-də səhər Doverdə baş tutub. Qara geyimdə və üzlərini örtmüş bəzi etirazçılar limana giriş-çıxış yollarını bağlayıb, aksiya zamanı “Qayıqları dayandırın” şüarları səsləndirilib. Bazar günü axşam isə Portsmutda yüzlərlə insan etiraz aksiyasına qoşulub. Buna La-Manş boğazını bir rezin qayıqda keçən 140 miqrantın Britaniya sahillərinə çatması səbəb olub. Britaniya sularına daxil olduqdan sonra qayıq xilasedici katerlərin müşayiəti ilə sahilə gətirilib.
Etirazçılar miqrantların Kent qraflığındakı Manston miqrantların qəbulu və emalı mərkəzinə aparılmasının qarşısını almağa çalışdıqlarını bildiriblər. Aksiya iştirakçıları miqrantları şəhərdən aparan nəqliyyat vasitələrinin hərəkətinə mane olmaq üçün yolları bağlayıblar. Britaniya hökumətinin sözçüsü etirazçıların davranışını hədələyici və xuliqanlıq xarakterli adlandıraraq pisləyib.