


Millinin kapitanı: Şahmat Olimpiadasında ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq
Bakı, 7 sentyabr, AZƏRTAC
Şahmat Olimpiadası hər zaman ağır yarışlar siyahısındadır. İştirakçılar arasında Çin, Hindistan, Gürcüstan, Qazaxıstan, ABŞ kimi güclü komandalar var. Şübhəsiz ki, əldə edə biləcəyimiz ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq. Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdir. Ümid edirik ki, bəxt bizim tərəfimizdə olar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Nicat Abasov federasiyanın rəsmi saytına müsahibəsində deyib.
O, yığmanın hazırlıq prosesini dəyərləndirib: “Hazırlıq yaxşıdır. Hazırda son təlim-məşq toplanışındayıq ki, yarışa tam hazırlıqlı gedək. Qeyd etmək istərdim ki, bu günlərdə qadın şahmatçılar Basqalda son təlim-məşq toplanışındadırlar. Lövhələrdə şahmatçıların sıxlığı və bölgüsü kapitan və məşqçi heyətinə məlumdur. İctimaiyyət üçün bu bölgü yarış günü açıqlanacaq. Sentyabrın 15-də Səmərqənd şəhərində olacağıq. Bir gün sonra isə Olimpiadada ilk turun partiyaları keçiriləcək”.
Nicat Abasov gənc şahmatçılarla işindən və Xaqan Əhmədin son uğurundan da söz açıb: “Gənc şahmatçılarla da çalışıram. İyun ayından etibarən Xaqan Əhmədlə işləyirik. Sevindirici haldır ki, o, Türkiyə Superliqasında kifayət qədər uğurlu çıxış edərək beynəlxalq qrosmeysterlik üçün tələb olunan ilk normanı yerinə yetirdi. Fikrimcə, o, bu nəticəni daha əvvəl əldə etməli idi. Qısa müddətdə bu titula sahib olacağına inanıram. Tək mən deyil, bütün məşqçilər gənc şahmatçılara dəstək olurlar, lakin burada əsas məsuliyyət idmançının öz üzərinə düşür. Xaqanın gələcəkdə böyük şahmatçı olacağına və milli komandada ölkəmizi layiqincə təmsil edəcəyinə inanıram”.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək keçiriləcək.