×
A
A
A
Sazlamalar

Baş nazir: Orta Dəhliz üzrə yük axını yaxın 4 ildə üç dəfə arta bilər

Tbilisi, 7 sentyabr, AZƏRTAC
Gürcüstan 2032-ci ilədək əsas nəqliyyat və logistika infrastrukturunun inkişafına təxminən 7 milyard ABŞ dolları həcmində investisiya yatırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumi şəhərində keçirilən Gürcüstan Beynəlxalq Dənizçilik Forumunda çıxışı zamanı bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan böyük potensiala və strateji əhəmiyyətə malik Orta Dəhlizin ayrılmaz hissəsidir: “Dünya Bankının hesablamalarına əsasən, müvafiq investisiyalar və səmərəliliyin artırılması nəticəsində 2030-cu ilədək Orta Dəhliz" üzrə yük axını üç dəfə arta, daşınma müddəti isə iki dəfə azala bilər. Gürcüstanın 10 illik planı çərçivəsində dəmir yollarının ötürücülük qabiliyyətinin ikiqat, limanların yükdaşıma qabiliyyətinin ikiqat, beynəlxalq hava limanlarının tutumunun isə üçqat artırılması nəzərdə tutulur. Eyni zamanda, yük daşımalarının müddətinin yarıya qədər azaldılması hədəflənir”.
Baş nazir vurğulayıb ki, yalnız cari il Gürcüstan Dəmir Yolunun infrastrukturunun və hərəkət heyətinin yenilənməsinə 1 milyard laridən çox vəsait yatırılacaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

 

Dünya 2026-09-07 13:12:00