


ADAU dosenti: Şəhidin adını daşın üzərinə yazmaq onu əbədiləşdirmir
Gəncə, 6 sentyabr, AZƏRTAC
Şəhidlər ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlardır. Onların xatirəsini yaşatmaq, adlarını əbədiləşdirmək və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Lakin şəhidlərin adlarının divarlara, qayalara və digər səthlərə yazılması məsələsinə yanaşarkən bu addımın məqsədini və formasını nəzərə almaq vacibdir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kafedra müdiri, dosent Vahid Əmrahov deyib.
Onun sözlərinə görə, şəhidin xatirəsini yaşatmaq yalnız onun adını hər hansı bir səthə yazmaqdan ibarət deyil. Əsas məqsəd həmin adı layiqincə qorumaq, şəhidin həyat və döyüş yoluna hörmət göstərmək, onun qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqdır.
“Şəhidlərin adlarının xüsusi hazırlanmış xatirə lövhələrində, abidələrdə və memorial məkanlarda səliqəli, estetik və layiqli şəkildə yerləşdirilməsi onların xatirəsinə göstərilən ehtiramın mühüm ifadəsidir. Bununla yanaşı, adi divarlara, tarixi tikililərə və ya təbii qayalara icazəsiz, nizamsız və səliqəsiz şəkildə yazıların həkk olunması müəyyən hallarda hörmətsizlik kimi qiymətləndirilə bilər. Çünki xoş niyyətlə həyata keçirilən belə bir addım belə, həm şəhid adlarının müqəddəsliyinə, həm də həmin məkanın tarixi və ya təbii dəyərinə münasibətdə düzgün yanaşma hesab olunmur”, - deyə kafedra müdiri qeyd edib.
O bildirib ki, son günlər Şuşada bəzi şəxslərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə müxtəlif yazılar yazması cəmiyyətdə haqlı narazılıq yaradıb. Bəziləri bunu xatirə saxlamaq, adını gələcək nəsillərə çatdırmaq və ya kiməsə ehtiram göstərmək kimi izah edə bilər. Şuşaya gələn insanın ilk hiss etdiyi duyğulardan biri heyranlıqdır. Bu şəhərin küçələri, tarixi binaları, Cıdır düzü, qayaları və təbiəti sadəcə mənzərə deyil. Onların hər biri Şuşanın yaddaşının bir parçasıdır. Məhz buna görə də bu məkanlarda edilən hər bir müdaxiləyə adi bir hərəkət kimi yanaşmaq doğru deyil. Şuşanın hər daşı, hər divarı və hər qayası onun tarixindən xəbər verir. Belə bir məkanda divara və ya qayaya ad yazmaq insanın Şuşaya olan sevgisini göstərmir. Əksinə, həmin sevginin yanlış formada ifadə edilməsidir.
“Şəhidin adını yaşatmaq böyük ehtiramdır. Amma bu ehtiram tarixi qayaya ad yazmaqla deyil, həmin adı layiqli şəkildə qorumaqla göstərilməlidir. Şəhidlərin adlarının əbədiləşdirilməsi zamanı mənəvi dəyərlə yanaşı, məsuliyyət və estetik yanaşma da vacibdir. Bunun üçün xüsusi xatirə guşələrinin, memorial lövhələrin və abidələrin yaradılması, şəhidlərin həyat və qəhrəmanlıq yolunun gənc nəslə çatdırılması daha məqsədəuyğun vasitələrdir. Belə yanaşma həm şəhidlərin xatirəsinə ehtiramı qoruyur, həm də cəmiyyətə düzgün nümunə göstərir. Bir şəhidin adını daşın üzərinə yazmaq onu əbədiləşdirmir. Əsl əbədiləşdirmə həmin adı insanların yaddaşında, tarixdə və layiqli memorial məkanlarda yaşatmaqdır. Çünki tarixi məkanlarda ən gözəl imza daşın üzərində yazılan ad deyil, həmin məkana göstərilən ehtiramdır”, - deyə Vahid Əmrahov vurğulayıb.
Müxbir - Elcan Məmmədov