×
A
A
A
Sazlamalar

Macarıstan istifadəsiz sənaye ərazilərini yaşayış məhəllələrinə çevirir

Budapeşt, 6 sentyabr, AZƏRTAC

Macarıstan Hökuməti ölkədə əlçatan mənzil, kirayə ev və tələbə yataqxanalarının sayının artırılmasını nəzərdə tutan yeni proqram hazırlayır.
AZƏRTAC xəbər verir ki, Hökumətin qərarına əsasən, “Wekerle” Mənzil Tikintisi Proqramının hazırlanması sentyabrın 30-dək başa çatdırılmalıdır.
Proqram çərçivəsində əsas diqqətin istifadəsiz sənaye və digər “qəhvəyi sahələrin” yaşayış məhəllələrinə çevrilməsinə yönəldilməsi planlaşdırılır.
Rəsmi məlumatlara görə, Macarıstanda mənzillərin əlçatanlığı son illərdə əhəmiyyətli dərəcədə pisləşib. 2025-ci ildə ölkədə cəmi 12 min 62 yeni mənzil istifadəyə verilib ki, bu da əvvəlki illə müqayisədə 9,3 faiz azdır. Eyni zamanda, Hökumət enerji səmərəli tikintinin genişləndirilməsi, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və institusional kirayə mənzillərin inkişafını nəzərdə tutur.
Proqrama Avropa İttifaqı fondlarından 550 milyon avro cəlb edilməsi, özəl və bank maliyyələşməsi ilə ümumi investisiyanın 2 milyard avronu keçməsi gözlənilir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2026-09-06 13:13:00