×
A
A
A
Sazlamalar

Məktəb direktoru: Şəhidlərimizin adını daşlarda deyil, qəlblərdə yaşadaq

Qazax, 6 sentyabr, AZƏRTAC

Qarabağda, Şuşada, Xankəndidə, Kəlbəcərdə, Ağdərədə, Suqovuşanda olmaq mənim üçün sadəcə bir səfər deyil, böyük qürur, həyəcan və eyni zamanda, məsuliyyət hissidir.
Bu torpaqlara hər səfərim zamanı dövlətimizin apardığı möhtəşəm quruculuq və bərpa işlərinin şahidi olmuşam. Qarabağın, xüsusilə Şuşanın yenidən dirçəldilməsi, şəhidlərimizin adlarının uca tutulması, onların ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğı hər birimiz üçün böyük qürur mənbəyidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Kərimova bildirib.
O deyib: “Bu gün biz həmin torpaqlara rahat şəkildə gedir, o müqəddəs yerləri ziyarət edir, orada aparılan möhtəşəm quruculuq işlərini öz gözlərimizlə görürük. Bir təhsil işçisi və məktəb rəhbəri kimi isə məni xüsusilə düşündürən başqa bir məqam var. Biz məktəbdə şagirdlərimizə Vətən tarixini, Qarabağ həqiqətlərini, şəhidlərimizin həyat və döyüş yolunu var gücümüzlə çatdırmağa çalışırıq. Dərslərimizdə, tədbirlərimizdə, anım mərasimlərində şəhidlərimizin qəhrəmanlıqlarından danışılır, onların adları yad edilir, həyatları və göstərdikləri şücaətlər şagirdlərimizə nümunə göstərilir. Məqsədimiz gələcək nəsli Vətənini sevən, şəhidlərinin əmanətinə sahib çıxan, milli və mənəvi dəyərlərə hörmət edən insanlar kimi yetişdirməkdir. Şagirdlərimiz şəhidlərimizi tanıyır, onların adlarını bilir, qəhrəmanlıqları ilə qürur duyurlar. Biz istəyirik ki, şəhidlərimizin adları onların yaddaşında və qəlbində əbədi yaşasın. Məhz buna görə də Şuşada və Qarabağın digər ərazilərində daşların, qayaların, divarların üzərinə müxtəlif boyalarla rayon və şəhər adlarının, o cümlədən şəhid adlarının yazılmasını düzgün hesab etmirəm. Şəhidin adını qayaya yazmaq onun xatirəsini yaşatmaq deyil. Şəhidlərimizin adları artıq tariximizə yazılıb. Onların adlarını daşlara deyil, qəlblərə, yaddaşlara və gələcək nəsillərin şüuruna həkk etmək lazımdır. Biz Şuşaya öz adımızı yazmağa yox, Azərbaycanın adını yaşatmağa gedirik”.
Məktəb direktoru vurğulayıb ki, Şuşanın hər daşı, hər qayası, hər tarixi tikilisi bizim üçün qiymətli əmanətdir. O əmanətə toxunmaq, üzərinə yazı yazmaq, boyamaq və təbii görünüşünü dəyişmək nə Vətən sevgisinə, nə də şəhidlərimizin ruhuna olan ehtirama yaraşır. Əgər Şuşada iz qoymaq istəyiriksə, bunu qayaların üzərinə adımızı yazmaqla deyil, mədəni davranışımızla, Vətənə sevgimizlə, tariximizə hörmətimizlə və bu müqəddəs torpaqları qorumağımızla göstərək. Şəhidlərimizin xatirəsinə ən böyük ehtiram onların uğrunda can verdiyi torpaqları qorumaqdır. Şəhidlərimizin adını daşlarda deyil, qəlblərdə yaşadaq. Çünki Şuşada qorunmalı olan bizim adımız deyil, Azərbaycanın tarixidir.

Regionlar 2026-09-06 12:58:00