×
A
A
A
Sazlamalar

Deputat: Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir

Bakı, 6 sentyabr, AZƏRTAC

Şuşaya səfər edən bəzi şəxslərin qaya daşlarının üzərinə adlar yazması ilə bağlı yayılan məlumat və görüntülər təkcə bir qaydanın pozulması kimi deyil, milli yaddaşa, şəhər mədəniyyətinə və şəhidlərimizin xatirəsinə münasibət kimi dəyərləndirilməlidir. Söhbət sadəcə təbii səthin və ya şəhər mühitinin korlanmasından getmir. Söhbət işğaldan azad olunması uğrunda canlar verilən, hər daşında tariximizin, mədəniyyətimizin izlərini qoruyan bir şəhərin mənəvi sərhədlərinin qorunmasından gedir. Şuşa sıravi turizm məkanı deyil. Bu şəhər Azərbaycan xalqının mədəni yaddaşında xüsusi yer tutan, ədəbiyyatımızın, musiqimizin, memarlığımızın, siyasi və mənəvi yaddaşımızın ayrılmaz hissəsinə çevrilən məkandır. Burada təbiət də, memarlıq da, küçələr də, qayalar da bütöv bir tarixi-mənəvi mühitin tərkib hissəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.
O bildirib ki, Şuşada hər hansı qayanın üzərinə ad, işarə və ya cızma-qara yazmaq milli irsin, tarixin bir parçasına müdaxilə etməkdir: “Ola bilsin, belə davranışlar ilk baxışda kiməsə zərərsiz görünür. Bəzən insanlar bunu özlərindən “xatirə saxlamaq”, yaşadıqları bu və ya digər hadisəyə emosional münasibətini ifadə etmək və ya şəhidlərin adını yaşatmaq niyyəti ilə etdiklərini düşünə bilərlər. Lakin mənəvi dəyərlərə ehtiram, ilk növbədə, həmin dəyərlərin qorunmasını tələb edir. Şəhid adını daşın, qayanın və ya divarın üzərinə, həm də ümumi mənzərəyə xələl gətirməklə yazmaq xatirənin əbədiləşdirilməsi deyil, onun təntənəli və ümummilli mahiyyətinin kiçildilməsidir.
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün Azərbaycanda kifayət qədər məkan var. Şəhidlər xiyabanları, memorial komplekslər, abidələr, muzeylər, parklar, küçələr, məktəblər və digər ictimai məkanlar təsadüfən seçilməyib. Onlar dövlətin qayğısı, şəhid ailələrinin mənəvi haqqı, peşəkar memarlıq və bədii yanaşma, cəmiyyətin ümumi ehtiramı əsasında yaradılıb. Xatirənin yaşadılması ani emosiyalardan doğan qeyri-peşəkar, bədii estetikadan uzaq yazıların divara və ya qayaya həkk olunması ilə yox, qəhrəmanların adının tarixdə, təhsildə, mədəniyyətdə və ictimai yaddaşda ləyaqətlə qorunması ilə ölçülür.
Bu məsələyə yalnız estetik zövq müstəvisindən yanaşmaq da yetərli deyil. Tarixi və mədəni irsin qorunması hüquqi öhdəlikdir. Azərbaycan Konstitusiyasının 77-ci maddəsi hər kəsə tarix və mədəniyyət abidələrini qorumağı, onları korlanmağa qoymamağı vəzifə kimi müəyyən edir. Tarixi dəyər yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyət sahəsidir”.


Deputat xatırladıb ki, Nizami Kino Mərkəzinin binasına edilən müdaxilə də cəmiyyət üçün ciddi xəbərdarlıq idi: "Ölkə əhəmiyyətli memarlıq abidəsinin fasadına boya ilə yazı və təsvirlərin vurulması hüquqi araşdırma predmetinə çevrildi. Həmin hadisə göstərdi ki, tarixi binanın divarı nə şəxsi “yaradıcılıq” üçün boş lövhədir, nə də bir anlıq emosiyanın ifadə yeri. Tarixi obyektin üzərinə edilən hər müdaxilə, ilk növbədə, onun daşıdığı ictimai mənaya, sonra isə onun tarixiliyinə və bütövlüyünə zərər verir.
Şuşada isə məsələ daha həssasdır. Bu şəhər 30 illik işğalın yaratdığı dağıntıların, mədəni irsə qarşı həyata keçirilən sistemli vandalizmin şahididir. Azərbaycan illərlə dağıdılmış məscidlərin, məhv edilmiş abidələrin, talan olunmuş muzeylərin və saysız-hesabsız, misli görünməmiş vandalizm aktlarının ağrısını yaşayıb. Belə bir tarixdən sonra Şuşanın qayalarına və divarlarına göstərilən məsuliyyətsiz münasibət nə sağlam məntiqə, nə də mənəvi ölçüyə sığır.
“Düşünürəm ki, şəhidlərin xatirəsi ilə bağlı mövzularda formal emosional təsir yaratmaq həvəsindən uzaq durmaq lazımdır. Şəhidə ehtiram onun adını rast gəlinən hər səthə yazmaqla yox, onu varislərinə, xatirəsinə və uğrunda şəhid olduğu Vətənə ləyaqətli münasibətlə göstərilir. Xatirənin ən davamlı forması məktəblərdə, kitablarda, sənət əsərlərində, memorial məkanlarda, ailələrin və cəmiyyətin yaddaşında yaşamasıdır. Bu dəyərlərin anlamını gənc nəslə çatdırmaq, qəhrəmanlıq anlayışını gündəlik məsuliyyət və davranış mədəniyyəti ilə birləşdirmək hamımızın borcudur. Vətən sevgisi, ilk növbədə, əmanətə sahib çıxmaq məsuliyyətidir.
Şəhidlərimizin xatirəsinə sədaqət emosional şüarlarla və görüntü yaratmaq cəhdləri ilə ölçülmür. Bu sədaqət onların uğrunda can verdiyi dövlətə, torpağa, qanuna, mədəniyyətə və milli dəyərlərə münasibətdə özünü göstərir. Şuşanı qorumaq onun adını təkrar-təkrar dilə gətirməkdən daha böyük məsuliyyətdir. Şuşanı qorumaq onun qayalarına yazı yazmamaq, divarlarını korlamamaq, təbiətinə, tarixinə və mənəvi simasına toxunmamaqdır. Unutmaq lazım deyil ki, Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir”, - deyə deputat vurğulayıb.
Müxbir - Günel Türksoy

2026-09-06 12:50:00