×
A
A
A
Sazlamalar

Heykəltaraş: Daşın yaddaşına toxunmaq olmaz

Naxçıvan, 6 sentyabr, AZƏRTAC

Bir heykəltəraş olaraq mən daşa yalnız sərt bir material kimi baxmıram. Daşın da yaddaşı, dili və ruhu var. Ona toxunan hər iz zamanın yaddaşına yazılır. Buna görə də təbiətin yaratdığı qayaların üzərinə adlar həkk etmək, müxtəlif yazılar yazmaq, onları boya ilə çirkləndirmək mənim üçün sadəcə estetik zövqsüzlük deyil, həm də təbiətə və onun yaratdığı sənətə qarşı hörmətsizlikdir. Fəlsəfi baxımdan Vətən anlayışı abstrakt bir məfhum olmaqdan çıxıb toxunula bilən torpağa, daşa, suya çevrildikcə, ona münasibətimiz də daxili dünyamızın aynasına çevrilir. Qayaya adını yazmaq Vətənə sevgi deyil. Əksinə, bu, öz izini başqasının yaddaşına zorla həkk etmək istəyinin düşüncəsiz və eqoist ifadəsidir. Əsl sevgi qorunur.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Dövlət Universitetinin müəllimi, heykəltaraş Elxan Zeynalov deyib.
O qeyd edib ki, xüsusilə şəhidlərimizin xatirəsinin yaşadığı müqəddəs məkanlarda buna yol vermək daha böyük məsuliyyətsizlikdir. Onlar bu torpağın hər qarışı, hər daşı uğrunda canlarından keçiblər. Biz isə həmin torpağın daşını belə qorumağı bacarmalıyıq. Şəhidlərin ruhuna ehtiram qayaların üzərinə ad yazmaqla olmamalı, onların qoruduğu Vətəni olduğu kimi yaşatmaqla göstərilir.
"Bir heykəltəraş üçün daş üzərində hər cızığın, hər zədənin bir mənası var. Təbiətin min illər ərzində formalaşdırdığı qayaya bir neçə saniyədə boya ilə müdaxilə etmək isə yaradılmış gözəlliyi məhv etməkdir. İnsan öz adını daşın üzərinə yazmaqla tarixə düşmür. Əksinə, bəzən öz mədəni səviyyəsini nümayiş etdirir.
Əsl mədəniyyət insanın gördüyü hər şeyə toxunmaq ehtiyacı duymamasıdır. Bəzən ən böyük ehtiram sadəcə baxmaq, heyran olmaq və heç nəyi dəyişmədən oradan ayrılmaqdır.
Unutmayaq, təbiət bizə miras deyil, əmanətdir. Daşın üzərindəki boya silinə bilər, cızıq zamanla itə bilər, amma bu davranışın yaratdığı mənəvi məsuliyyət asanlıqla silinmir. Həqiqi iz qayaların üzərində deyil, onları qoruyan vicdanımızda qalır", - deyə Elxan Zeynalov əlavə edib.

Müxbir - Nail Əsgərov

Regionlar 2026-09-06 11:14:00