×
A
A
A
Sazlamalar

Şuşanın daş yaddaşına toxunmayaq

Qazax, 6 sentyabr, AZƏRTAC

Vaqif Poeziya Günləri 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib və ənənəvi olaraq böyük Azərbaycan şairi Molla Pənah Vaqifin doğma yurdu Qazaxdan başlayaraq Şuşada davam etdirilib. İşğal illərində də bu ənənə Qazaxda yaşadılıb. Şuşanın azadlığından sonra isə poeziya bayramı yenidən şəhərə qayıdıb. Bu il iyulun 16-da Qazaxda başlayan Vaqif Poeziya Günləri iyulun 17-19-də Şuşada davam etdirilib.
Şuşada keçirilən tədbirlər çərçivəsində şəhərin tarixi və mədəni mühiti ilə yaxından tanış olmaq, onun hər daşında, qayasında və küçəsində yaşayan yaddaşı hiss etmək xüsusi təəssürat doğurur. Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də xalqımızın çoxəsrlik tarixinin, ədəbiyyatının, musiqisinin və milli yaddaşının canlı daşıyıcısıdır.
Elə buna görə də həmin günlərdə diqqətimi cəlb edən və məni ciddi narahat edən bir məsələ barədə danışmağı vacib hesab edirəm.
Tarixi və təbii daşların, qayaların, eləcə də abidələrin üzərinə adların və müxtəlif yazıların həkk edilməsi, ən azı, mədəniyyətsizlikdir. Bu, ölməz şəhidlərimizin ruhuna, müharibə iştirakçılarına və qazilərimizə göstərilən hörmətsizlik kimi də qiymətləndirilə bilər. Şuşanın hər daşı, hər qayası, hər küçəsi və hər divarı özündə müəyyən bir tarixi yaddaşı daşıyır. Belə bir şəhərdə tarixi daşların üzərinə şəxsi adların və müxtəlif ifadələrin yazılması yolverilməzdir.


Şəhidlərin xatirəsi müqəddəsdir. Lakin bu müqəddəs xatirəni təsadüfi, qeyri-peşəkar və şəhərin tarixi simasına zərər vuran üsullarla ifadə etmək nə dərəcədə düzgündür?! Daşın, qayanın və ya tarixi səthin üzərinə ad yazmaq heç bir halda xatirəni əbədiləşdirmək anlamına gəlməməlidir. Əksinə, belə davranış xatirəyə hörmət əvəzinə, onun dəyərdən salınmasına gətirib çıxara bilər.
Şuşanın daş yaddaşına müdaxilə etməklə kiminsə öz adını tarixə yazdırması mümkün deyil. Əslində, tarixə düşən adlar həmin şəhərin və xalqın yaddaşına xidmət edən əməllərlə qazanılır. Buna görə də kiminsə öz adını, yaxınlarının adını və ya hər hansı başqa bir ifadəni tarixi daşın üzərinə yazmasına ehtiyac yoxdur.
Şəhidlərin xatirəsini yaşatmağın ən doğru yolu isə onların uğrunda can verdiyi dəyərləri qorumaqdır. Bu, həm də mədəni irsimizə münasibətdir. Tarixi abidələri, qədim tikililəri, təbii qayaları qorumaq, onları gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin borcudur.
Şuşa işğaldan azad olunmaqla təkcə ərazi bütövlüyümüzün bərpasının rəmzinə çevrilmədi. Bu şəhər həm də milli-mədəni irsimizin yenidən dirçəldiyi müqəddəs məkandır. Ona görə də Şuşanın hər daşına, hər qayasına, hər abidəsinə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Burada buraxılan hər bir iz gələcək nəsillərin qarşısında daşıdığımız məsuliyyətlə ölçülməlidir.
Şuşada iz qoymağın ən doğru yolu onun daşlarına ad yazmaq deyil, onun tarixini, mədəniyyətini və təbiətini qorumaqdır. Çünki Şuşanın qayaları bizim şəxsi xatirələrimizin deyil, bütöv bir xalqın yaddaşının daşıyıcısıdır.

Qayasında gül bitirən,
Sərvətə zəfər yaraşır.
Səmadan ulduz götürən,
Qüvvətə zəfər yaraşır.

 

Mustafa Rasimoğlu,
Qarabağ müharibəsi veteran-mayoru,
AYB Qazax bölməsinin ədəbi məsləhətçisi

Regionlar 2026-09-06 10:34:00