


Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir
Bakı, 5 sentyabr, AZƏRTAC
Tarixi abidələr, qədim tikililər, qala divarları, qayalar və digər mədəni irs nümunələri hər bir xalqın keçmişini, milli kimliyini və tarixi yaddaşını özündə yaşadan qiymətli sərvətlərdir. Bu baxımdan həmin məkanların qorunması yalnız aidiyyəti dövlət qurumlarının deyil, həm də onları ziyarət edən hər bir şəxsin məsuliyyətidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə maarifləndirmə və dəstək şöbəsinin rəhbəri, turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Ekspert bildirib ki, turistlərin tarixi və mədəni irs nümunələrinə münasibəti onların ümumi səyahət mədəniyyətinin mühüm göstəricilərindən biridir: “Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin üzərinə ad, tarix və müxtəlif yazılar yazılması, onların cızılması və digər formada zədələnməsi yolverilməzdir. Belə hallar, ilk növbədə, həmin abidələrin estetik görünüşünə və fiziki bütövlüyünə xələl gətirir. Lakin məsələ bununla məhdudlaşmır. Tarixi abidəyə vurulan hər bir zərər əsrlər boyu formalaşmış mədəni irsin gələcək nəsillərə olduğu kimi çatdırılmasına mane olur. Turist ziyarət etdiyi məkanı yalnız foto çəkdirmək və şəxsi xatirə yaratmaq üçün nəzərdə tutulmuş ərazi kimi deyil, tarixin canlı şahidi və milli-mədəni irsin bir hissəsi kimi qəbul etməlidir. Xüsusilə tarixi və mədəni əhəmiyyət daşıyan turizm məkanlarında maarifləndirmə işlərinin gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Turistlərə səfərdən əvvəl və ya ziyarət zamanı həmin ərazidə davranış qaydaları, qorunması vacib olan obyektlər və yol verilməyən hərəkətlər barədə ətraflı məlumat verilməlidir. Bu prosesdə turizm şirkətlərinin, bələdçilərin və aidiyyəti qurumların üzərinə mühüm vəzifələr düşür. Bələdçi turistə yalnız məkanın tarixi və görməli yerləri barədə məlumat verməməli, eyni zamanda, həmin irsin qorunmasının vacibliyini də izah etməlidir. Maarifləndirmə nə qədər sistemli aparılarsa, turistlərin məsuliyyətli davranışının formalaşmasına da bir o qədər böyük töhfə verər”.
Ekspertin sözlərinə görə, maarifləndirmə tədbirləri ilə yanaşı, tarixi və mədəni abidələrə zərər vuran halların qarşısının alınması məqsədilə nəzarət mexanizmlərinin gücləndirilməsi də vacibdir. Belə hallara yol verən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi mədəni irsin qorunmasına xidmət edən mühüm amillərdəndir. Turist mədəniyyəti yalnız səyahət etmək, yeni məkanlar görmək və istirahət etməkdən ibarət deyil. Əsl turist mədəniyyəti səfər etdiyi ölkənin tarixinə, xalqının dəyərlərinə, mədəniyyətinə və irsinə hörmətlə yanaşmağı da ehtiva edir. “Tarixi abidələr bizə keçmişdən miras qalan və gələcəyə ötürməli olduğumuz sərvətlərdir. Onları qorumaq hər birimizin mənəvi borcu və vətəndaşlıq məsuliyyətidir. Bu gün qoruduğumuz hər bir abidə sabah gələcək nəsillərin tariximizi daha dolğun şəkildə tanımasına imkan verəcək”, - deyə Rəhman Quliyev fikrini yekunlaşdırıb.