×
A
A
A
Sazlamalar

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Bakı, 5 sentyabr, AZƏRTAC

Şanlıurfa minilliklərə söykənən tarixi, özünəməxsus mətbəxi və musiqi ənənələri ilə Türkiyənin ən zəngin şəhərlərindən biridir. Bu baxımdan iki gün davam edəcək “Şanlıurfa Mədəniyyət Günləri” xüsusi əhəmiyyət kəsb edir. Festival çərçivəsində Şanlıurfanın zəngin mədəni irsi, fərqli sivilizasiyaların izlərini yaşadan dəyərləri və qədim ənənələri nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva sentyabrın 5-də “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, İçərişəhərdə, Qoşa Qala qapısı meydanında qurulan stendlərdə Şanlıurfanın tarixi, mədəniyyəti, əl işləri və yerli məhsulları təqdim edilir. Festival çərçivəsində, həmçinin rəngarəng konsert proqramları, səhnə çıxışları və interaktiv fəaliyyətlər nəzərdə tutulub.
Rəna Nəsirova-Mustafayeva vurğulayıb ki, təşkil olunan bu festival paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına Şanlıurfanın zəngin mədəniyyətini, köklü ənənələrini daha yaxından tanımağa geniş imkan yaradacaq.

Müxbir - Gülay Nəzərova
Fotoqraf - Tofiq Babayev

Mədəniyyət 2026-09-05 12:07:00