


Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışa 62 ölkədən 1500-dən çox iştirakçı qatılıb.
Azərbaycan 123 idmançı ilə təmsil olunur. “IRONMAN 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilir: 18–24, 25–29, 30–34, 35–39, 40–44, 45–49, 50–54, 55–59, 60–64, 65–69, 70–74, 75–79 və 80–84 yaş qruplarını əhatə edir. Əsas yarışda ümumi iştirakçıların 807-si kişi, 197-si qadındır. Yarışın ən gənc iştirakçısının 18, ən yaşlı iştirakçısının isə 80 yaşı var.
“IRONMAN 70.3” çərçivəsində estafet yarışı da keçiriləcək. Kişilər, qadınlar və qarışıq komandalar arasında təşkil olunacaq yarışda ümumilikdə 47 komanda mübarizə aparacaq. Yarışın yekunlarına əsasən ən aktiv üç klub da mükafatlandırılacaq.
Xatırladaq ki, “IRONMAN 70.3” yarışında iştirakçılar 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərini qət edəcəklər.
“IRONMAN 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” triatlon üzrə dünya çempionatına vəsiqə qazanacaq.
Xatırladaq ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.