


Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib
Berlin, 4 sentyabr, AZƏRTAC
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt Şimali Reyn-Vestfaliya və Brandenburq əyalətlərində elektrik yarımstansiyalarına qarşı törədilən təxribat cəhdlərinin arxasında iqlim ekstremizmi motivinin dayandığını bildirib.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, indiyədək aparılan araşdırmaların hadisələrin bir nəfər tərəfindən törədildiyini deməyə əsas verdiyini vurğulayan nazirin sözlərinə görə, şübhəlinin kimliyi müəyyənləşdirilsə də, onun cinayətlərin icraçısı olub-olmadığı hələ təsdiqlənməyib.
Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Royl isə deyib ki, 48 yaşlı şəxs tərəfindən göndərilən iki məktubda onun ölkəyə deyil, fosil sənayesinə hücum etdiyini qeyd olunub. Məktubların həqiqi olduğu və yalnız hadisəni törədən şəxsin bildiyi detalları ehtiva etdiyi vurğulanıb.
Aleksandr Dobrindt Almaniyada yeni hücum ssenarilərinə hazırlaşmağın vacibliyini vurğulayıb və şirkətlərin dronlara qarşı müstəqil müdafiə imkanlarının gücləndirilməsini təklif edib.