×
A
A
A
Sazlamalar

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

Paris, 4 sentyabr, AZƏRTAC

Toqo və Afrika İttifaqı dünyanın müxtəlif regionlarının xəritələrdə daha real miqyasda göstərilməsini nəzərdə tutan “Correct the Map” qətnamə layihəsini BMT Baş Assambleyasının müzakirəsinə çıxarıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də müzakirəyə çıxarılan layihə ənənəvi Mercator proyeksiyasından digər kartoqrafik təsvirlərə, o cümlədən “Equal Earth” proyeksiyasına keçidi təşviq edir. Mercator proyeksiyası XVI əsrdə naviqasiya məqsədləri üçün hazırlanıb və hazırda da geniş istifadə olunur.
Kartoqrafik proyeksiyalar Yer kürəsinin səthini ikiölçülü xəritədə göstərərkən müəyyən ölçü və forma təhriflərinə səbəb olur. Mercator proyeksiyasında qütblərə yaxın ərazilər daha böyük, ekvatora yaxın regionlar isə nisbətən kiçik görünür. Nəticədə Afrika xəritələrdə real ölçüsündən daha kiçik təsvir olunur.
2018-ci ildə kartoqraflar Tom Patterson, Bojan Šavrič və Bernhard Jenny tərəfindən hazırlanmış “Equal Earth” proyeksiyasının əsas məqsədi qitələrin sahələrini daha mütənasib göstərməkdir. Bu proyeksiyada Afrika, Latın Amerikası, Cənubi Asiya və Okeaniya Mercator proyeksiyası ilə müqayisədə daha böyük görünür.
“Correct the Map” kampaniyasına 2025-ci ildə başlanılıb. Afrika İttifaqının 55 üzv ölkəsi kampaniyanı dəstəkləyib və Toqonu BMT-də müvafiq qətnamənin irəli sürülməsi ilə bağlı mandatlandırıb.
Toqonun xarici işlər naziri Robert Dussey təşəbbüsün siyasi deyil, elmi xarakter daşıdığını bildirib. Layihədə beynəlxalq təşkilatlar, təhsil müəssisələri, media və rəqəmsal platformalar daha real miqyaslı xəritələrdən istifadə etməyə çağırılır.
Fransa təşəbbüsü dəstəkləyən ölkələr sırasında yer alır. Xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Fransa Xarici İşlər Nazirliyi istifadə məqsədindən asılı olaraq ərazilərin real sahələrini daha düzgün əks etdirən xəritələrə üstünlük verəcək.
BMT Baş Assambleyasının qətnamələri hüquqi baxımdan məcburi deyil. Bununla belə, sənəd qəbul olunarsa, beynəlxalq təşkilatlarda və digər sahələrdə xəritələrdən istifadəyə təsir göstərə bilər.

 

Dünya 2026-09-04 23:22:00