


“Volkswagen” 50 min iş yerini ixtisar etməyə hazırlaşır, 4 zavodun taleyi sual altındadır
Berlin, 4 sentyabr, AZƏRTAC
Almaniyanın avtomobil nəhəngi “Volkswagen” konserninin Müşahidə Şurası şirkətin 2030-cu ilədək transformasiya planını yekdilliklə təsdiqləyib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, yeni qənaət proqramına əsasən, qarşıdakı illərdə dünya üzrə 50 min iş yerinin ixtisarı nəzərdə tutulur. Eyni zamanda, dörd zavodun gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Şirkətin məlumatına görə, Emden, Zvikau, Hannover və Nekkarzülm zavodlarında 2031-2034-cü illərdən etibarən rəqabətqabiliyyətli istehsalın davam etdirilməsi üçün hələlik təminat yoxdur. Alternativ istifadə imkanları tapılmadığı təqdirdə bu müəssisələrin bağlanması gündəmə gələ bilər. Zavodlar üçün uzunmüddətli və dayanıqlı istehsal konsepsiyasının 2027-ci il iyunun sonunadək hazırlanması planlaşdırılır.
“Volkswagen” rəhbərliyi proqramın şirkətin rəqabət qabiliyyətini qorumaq üçün zəruri olduğunu bildirir. Baş icraçı direktor Oliver Blume qarşıdakı illərdə şirkətə bir neçə milyard avro məbləğində investisiya qoyulacağını açıqlayıb.
Almaniyanın metal sənayesi işçiləri həmkarlar ittifaqı (IG Metall) və konsernin işçi şurası isə zavodların bağlanmasının hələ rəsmən qərara alınmadığını, indi əsas vəzifənin bütün istehsal məntəqələri üçün konkret və davamlı həll yollarının tapılması olduğunu vurğulayıb.