×
A
A
A
Sazlamalar

Berlin aeroportunda bomba həyəcanı ilə əlaqədar sərnişinlərin bir qismi təxliyə olunub

Berlin, 3 sentyabr, AZƏRTAC

Berlin-Brandenburq (BER) hava limanında naməlum və zəhərli maddə ilə bağlı həyəcan siqnalı verilib.
AZƏRTAC “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar aeroportun 1-ci terminalından sərnişinlər təxliyə edilib, bir neçə aviareys ləğv edilib, dəmir yolu əlaqəsi isə dayandırılıb.
Məlumata əsasən, bir qadın federal polisin xidmət məntəqəsinə müraciət edərək əl çantasında zəhərli maddələrin olduğunu bildirib. Polis əməkdaşları qadını saxlayıblar. Çantanın ətrafında təhlükəsizlik zolağı yaradılıb.
Polisin məlumatına görə, maddənin təhlükəli olub-olmadığını müəyyən etmək mümkün olmadığından təhlükəli yük siqnalı verilib. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası və hava limanının yanğınsöndürmə xidməti cəlb olunub.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2026-09-03 23:48:00