


Ekspert: BRICS istehsal həcminə görə G7-ni geridə qoyub
Bakı, 3 sentyabr, AZƏRTAC
BRICS ölkələri Qərbdən kənarda ilk həqiqi qitələrarası birlik yaradaraq iqtisadi istehsalın həcminə görə “Böyük Yeddilik” (G7) ölkələrini geridə qoyub.
AZƏRTAC xəbər verir ki, bunu Vaşinqtonun “Məsuliyyətli Dövlətçilik naminə Kuinsi İnstitutu”nun Qlobal Cənub Proqramının direktoru Sarang Şidor “Foreign Policy” jurnalında dərc olunan məqaləsində bildirib.
Ekspertin sözlərinə görə, BRICS-in əsas uğurlarından biri inkişafın maliyyələşdirilməsi sahəsində əməkdaşlıqdır. O qeyd edib ki, Yeni İnkişaf Bankı artıq 10 ildir fəaliyyət göstərir və yüksək kredit reytinqlərinə malikdir.
Şidor BRICS ölkələri arasında əməkdaşlığın müxtəlif məsələlər üzrə siyasətin daha yaxşı əlaqələndirilməsinə imkan verdiyini və təşkilatın ikitərəfli fikir ayrılıqlarının yumşaldılması üçün platformaya çevrildiyini vurğulayıb. O, 2024-cü ildə Kazanda keçirilən sammiti Hindistan və Çin arasında gərginliyin azalmasına şərait yaradan mühüm platforma kimi qiymətləndirib.
Bununla belə, ekspert hazırkı şəraitdə BRICS ölkələrinin vahid mövqe formalaşdırmasının çox çətin olduğunu qeyd edib. Onun fikrincə, genişlənən birlik qarşıdakı illərdə qlobal sistemdə təsirini daha da artıra bilər.
Qeyd edək ki, BRICS sammitinin sentyabrın 12-13-də Yeni Dehlidə keçirilməsi planlaşdırılır.