


Komissiya sədri: Əsas məqsədimiz əhalinin təhlükəsizliyini təmin etmək idi və bununla bağlı zəruri addımlar atıldı VİDEO
Goranboy, 2 sentyabr, AZƏRTAC
Goranboy rayonunun Nizami kəndi yağınlığında sursat anbarında baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar birgə fəaliyyət göstərirlər. Bu barədə aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov deyib.
O bildirib ki, gecə saatlarında Nizami kəndi ərazisində yanğınla nəticələnən partlayış baş verib. Hadisədən sonra dərhal Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası toplantı keçirib və əməkdaşlar hadisə baş verən əraziyə gəliblər.
“Rayon icra hakimiyyəti, Goranboy Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində hadisə baş verən əraziyə yaxın yerlərdə yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə əhalinin köçürülməsi və təxliyə olunması ilə bağlı işlərə başlanıldı. Hadisənin baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və aidiyyəti qurumlar yanğın hadisəsinin ərazisinin genişləndirilməsinin qarşısının alınması istiqamətində əməli tədbirlər həyata keçirir. Vacib məsələlərdən biri, qeyd etdiyim kimi, əhalinin təhlükəsizliyinin təmin olunması idi. Bununla da bağlı bütün zəruri tədbirlər görüldü və əhali tam təhlükəsiz əraziyə təxliyə olundu”, - deyən komissiya sədri əlavə edib ki, ərazidə stasionar postlar qurulub, kəndlərin giriş-çıxışında təhlükəsizlik qaydalarına tam riayət olunur. Hər hansı xəsarət alan yoxdur.
Qeyd edək ki, gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
Müxbir – Vüsalə Cənnətova