×
A
A
A
Sazlamalar

Saxta məlumatlara qarşı rəqəmsal bacarıqlar inkişaf etdirilir

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsi yekunlaşıb.
Bu barədə AZƏRTAC-a “İrəli” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, üçaylıq dövrü əhatə edən layihə çərçivəsində birbaşa 130, ümumilikdə isə 300 dən çox gənc əhatə olunub. Layihə icra dövrünü başa vursa da, davamlılıq tədbirləri davam edəcək və əhatə olunan gənclərin sayı ilin sonuna kimi 1000-i keçəcək. Təlimlər proqramı peşəkar təlimçi və ekspertlər tərəfindən əsasən “Gənclərlə işdə rəqəmsal savadlılıq”, “Süni intellekt əsaslı kiber mühitdə tətbiqlər və təhlükəsizlik”, “Təlimçilər üçün yumşaq bacarıqlar”, “Təlimçilik bacarıqlarının inkişafı”, “Təqdimat bacarıqları”, “AI əsaslı informasiya savadlılığı”, “Deepfake, AI generasiya edilmiş məzmun və görüntü manipulasiyası”, “İnformasiya xaosunda doğru məlumatı necə tanıyaq?”, “Dezinformasiya və misinformasiyadan necə qorunaq?”, “Ünsiyyət və kommunikasiya bacarıqları” mövzularında təşkil olunub. Gənclər evlərinin əməkdaşları və digər gənclərlə iş sahəsində çalışan 25 şəxsin mövzu üzrə təlimçi kimi formalşmasına xidmət edib.
Eyni zamanda, layihə çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə infotur təşkil olunub. Görüş zamanı kibertəhlükəsizliklə bağlı müxtəlif mövzularda praktiki məlumatlar əldə edib, güclü parol yaratmaq, fişinq hücumlarını tanımaq və onlardan qorunmaq yollarını öyrəniblər. İştirakçılar, həmçinin Mərkəzdə tətbiq olunan tədris metodları və təlim prosesi haqqında ətraflı məlumat alıblar.
Layihənin davamlılıq tədbirləri çərçivəsində Saatlı Gənclər Evində, Sabunçu Gənclər Evində, Bakı Gənclər Mərkəzində və Pirallahı Gənclər Evində gənclərin məlumatlılığını artırmaq məqsədilə görüşlər keçirilib.
Layihənin əsas məqsədi gəncləri rəqəmsal dünyada etik və təhlükəsiz istifadəyə istiqamətləndirmək, onların rəqəmsal savadlılıq, saxta xəbərlər, kibertəhlükəsizlik, şəxsi məlumatların mühafizəsi və süni zəka mövzuları üzrə bacarıqlarını inkişaf etdirmək olub.
Qeyd edək ki, layihə Gənclər evlərinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

 

Cəmiyyət 2026-08-13 18:14:00