×
A
A
A
Sazlamalar

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 6-da Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniyanın Milli Assambleyasının sədri Moses Vetangula arasında görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin inkişafının dinamikasından razılıq ifadə olunub və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Səfir Sultan Hacıyev cari ildə Keniya Senatında parlamentlərarası dostluq qrupunun, eyni zamanda, Azərbaycan Milli Məclisində Keniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təsis olunduğunu qeyd edib. O, Keniyanın Milli Assambleyasında da yaxın zamanda işçi qrupun fəaliyyətə başlayacağına ümid etdiyini bildirib. Səfir, həmçinin iki ölkənin parlamentlərinin beynəlxalq arenada mövcud fəal əməkdaşlığının bu il Tanzaniyanın Aruşa şəhərində keçiriləcək Parlamentlərarası İttifaqın 153-cü Assambleyası çərçivəsində davam etdirilməsinin vacibliyini vurğulayıb.
Milli Assambleyanın sədri M.Vetangula iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün əlverişli zəminin formalaşdığını və bununla bağlı prosesləri dəstəklədiyini qeyd edib. O, Keniya Prezidenti Uilyam Samoei Rutonun BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etmək üçün Bakıya səfərinin əhəmiyyətini vurğulayıb.
Sədr Azərbaycanın təşəbbüsü ilə təsis edilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətini, həmçinin digər bir çox beynəlxalq müstəvilərdə Azərbaycanın Milli Məclisinin təşəbbüs və töhfələrini yüksək qiymətləndirib.

Xarici siyasət 2026-08-06 16:16:00