×
A
A
A
Sazlamalar

Suriya limanlarının kommersiya fəaliyyəti genişlənir

Bakı, 6 avqust, AZƏRTAC

Suriya limanları 2024-cü ilin sonundan – Bəşər Əsəd rejiminin devrilməsindən bəri dəniz nəqliyyatında kəskin artım qeydə alıb. Hakimiyyət orqanları limanların regional ticarət qapıları kimi rolunu gücləndirmək məqsədilə infrastrukturun təkmilləşdirilməsi və avadanlıqların modernləşdirilməsi işlərini davam etdirir.
AZƏRTAC SANA agentliyinə istinadla xəbər verir ki, Suriya Sərhəd və Gömrük Baş İdarəsi tərəfindən bu yaxınlarda açıqlanan məlumatlara görə, Latakiya və Tartus limanları ilin ilk altı ayı ərzində ümumilikdə 945 gəmi qəbul edib və təxminən 8 milyon metrik ton yük daşıyıb.
Tartus limanı dəniz nəqliyyatının ən böyük payına sahib olub və ilin əvvəlindən bəri 551 gəmi qəbul edib. Limanda emal edilən ümumi yük təxminən 5 milyon metrik tona çatıb ki, bunun da 3,9 milyon metrik tonu idxal, 1,1 milyon metrik tonu isə ixrac təyinatlı olub. Bu, limanın Suriyanın daxili ticarət və regional tranzit üçün əsas dəniz qapısı kimi yenilənmiş rolunu vurğulayır.
Latakiya limanında isə təxminən 2,86 milyon metrik ton yük daşınıb ki, bunun da 1,365 milyon metrik tonunu konteynerlərdə həyata keçirilib. Altı ay ərzində təxminən 171.000 konteyner emal edilib.
Səlahiyyətli orqanın məlumatına görə, artım sadələşdirilmiş gömrük prosedurları, idxal və ixracın asanlaşdırılması tədbirləri, tranzit əməliyyatlarının genişləndirilməsi və əməliyyat səmərəliliyini artıran müasir avadanlıqların tətbiqi ilə müşayiət olunub.

 

Dünya 2026-08-06 14:46:00