×
A
A
A
Sazlamalar

Kembric Universitetinin professoru saxta kitab iddialarına görə vəzifəsindən istefa verib

London, 6 avqust, AZƏRTAC

Kembric Universitetinin sosiologiya üzrə professoru Ceyson Ardey özünü heç vaxt nəşr olunmamış kitabın müəllifi kimi təqdim etməsi ilə bağlı iddialardan sonra vəzifəsindən istefa verib.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, istefa universitetin C.Ardeyin akademik kvalifikasiyaları və fəxri təyinatları ilə bağlı ortaya çıxan yeni məlumatlar əsasında rəsmi araşdırmaya başladığını elan etməsindən bir neçə saat sonra baş verib. Ardey daha əvvəl də plagiat qalmaqalının mərkəzində idi. “The Telegraph” qəzeti onun doktorluq dissertasiyasının bəzi hissələrini başqa bir tələbənin işindən köçürməkdə ittiham olunduğunu yazmışdı.
Qəzetin son araşdırmasına görə, C.Ardey müxtəlif elmi məqalələrdə və çıxışlarının təqdimat materiallarında özünü kitab müəllifi kimi təqdim edib. Lakin araşdırma nəticəsində belə bir kitabın yazıldığını və ya nəşr edildiyini təsdiqləyən heç bir sübutun olmadığı məlum olub. Bu faktlar C.Ardeyin Kembric Universitetində professor vəzifəsinə qəbul prosesi ilə bağlı da suallar doğurub. Belə ki, universitetdə professor vəzifəsinə müraciət edən namizədlərdən elmi məqalələri, kitabları və digər akademik işlərini əhatə edən geniş elmi fəaliyyət portfeli təqdim etmələri tələb olunur.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2026-08-06 14:24:00