


Fransanın sabiq Prezidenti Jak Şirakın xatirəsinə həsr olunmuş muzeydən növbəti dəfə oğurluq edilib
Paris, 6 avqust, AZƏRTAC
Fransanın Korrez departamentinin Sarran kommunasında yerləşən, sabiq Prezident Jak Şirakın xatirəsinə həsr olunmuş muzeydən bir ildən az müddətdə ikinci dəfə oğurluq edilib.
AZƏRTAC xəbər verir ki, yerli “ICI Limousin” nəşrinin məlumatına görə, hadisə avqustun 5-dən 6-na keçən gecə, yerli vaxtla saat 04:00 radələrində baş verib.
Hazırda oğurlanan əşyaların və vurulan maddi ziyanın həcmi açıqlanmayıb. Hadisə yerinə Tül jandarm briqadasının əməkdaşları cəlb olunub, əraziyə havadan nəzarət məqsədilə helikopter də göndərilib. İstintaq davam edir.
Qeyd edək ki, Sarrandakı muzeydə Jak Şirakın 1995-2007-ci illərdə Fransanın Prezidenti olduğu dövrdə, eləcə də bu ölkənin digər dövlət başçılarına xarici ölkə liderləri tərəfindən təqdim edilmiş 5 mindən çox diplomatik hədiyyə qorunur. Ekspozisiyada Yaponiya samuray dəbilqəsi, Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Barak Obamanın Fransanın keçmiş Prezidenti Fransua Ollanda hədiyyə etdiyi dəri gödəkçə və digər nadir eksponatlar nümayiş etdirilir.
Onu da bildirək ki, 2025-ci il oktyabrın 12-də dörd silahlı və maskalı şəxs muzeyə basqın edərək, kassadakı pulu və kolleksiya saatlarından birini oğurlayıb. Həmin hadisə ilə bağlı 4 şübhəli saxlanılıb.
Bundan bir gün sonra – oktyabrın 13-dən 14-nə keçən gecə isə muzey yenidən qarət olunub, bu dəfə dəyəri təxminən 1 milyon avro olan saatlar və zinət əşyaları oğurlanıb.
Son hadisə Fransa mədəni irsinin mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirlərinin effektivliyi barədə sualları yenidən gündəmə gətirib. Hüquq-mühafizə orqanları oğurluğun şəraitini və cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmaları davam etdirir.
Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı
ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək
Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib