×
A
A
A
Sazlamalar

Samir Əliyev: "Dinamo" köklü klubdur, amma "Qarabağ" da Avropada öz sözünü deyib

Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan millisinin sabiq futbolçusu Samir Əliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın Kiyev "Dinamo"su ilə keçirəcəyi oyunlar barədə fikirlərini bölüşüb.
Bu barədə AZƏRTAC-a açıqlama verən mütəxəssis Ukrayna təmsilçisinin Avropanın köklü klublarından biri olduğunu bildirib.
"Dinamo" böyük tarixə və zəngin ənənələrə malik klubdur. Komanda vaxtilə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub, həmçinin Çempionlar Liqasında uğurlu çıxışları ilə yadda qalıb. Bu klub Oleq Bloxin, İqor Belanov və Andrey Şevçenko kimi “Qızıl top” mükafatına layiq görülmüş futbolçular yetişdirib. Bütün bunlar rəqibin gücündən və təcrübəsindən xəbər verir”, – deyə o vurğulayıb.
Vaxtilə Ukraynanın “Volın” komandasının formasını geyinən veteran hücumçu son illərdə "Qarabağ"ın Avropa arenasında öz sözünü dediyini qeyd edib: "Qarabağ" son 10-12 ildə Azərbaycanı avrokuboklarda layiqincə təmsil edir. Artıq Avropada istər ortasəviyyəli, istərsə də aparıcı klublar Ağdam təmsilçisini yaxşı tanıyır və ona hörmətlə yanaşırlar. Buna görə də bizi maraqlı və gərgin mübarizənin gözlədiyini düşünürəm”.
O, "Qarabağ"a uğurlar arzulayaraq komandanın hər iki görüşdə layiqli mübarizə aparacağına inandığını ifadə edib. “Arzum budur ki, "Qarabağ" həm səfərdə, həm də evdə yaxşı oyun sərgiləyərək "Dinamo"nu mübarizədən kənarlaşdırsın və növbəti mərhələyə yüksəlsin”.
Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk matçını avqustun 6-da Polşanın Lublin şəhərində, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.

Müxbir – Cavid Əliyev

İdman 2026-08-06 10:51:00