


Elvin Yunuszadə: Türkiyədə özümüzü yaxşı tərəfdən göstərməklə futbolçularımız üçün yol aça bilərik
Bakı, 5 avqust, AZƏRTAC
Türkiyənin "Boluspor" klubuna keçən Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadə transferi ilə bağlı fikirlərini bölüşüb.
33 yaşlı müdafiəçi AZƏRTAC-a açıqlamasında I Liqa təmsilçisindən 10 gün əvvəl təklif aldığını qeyd edib.
O, Bolu klubunun transfer cəzası olduğu üçün keçidinin bir az yubandığını bildirib: "Klubdan bildirdilər ki, məsələ bir həftəyə həllini tapacaq. Müsbət cavab alındıqdan sonra "Boluspor"la 1 illik müqavilə imzaladım".
Komandasının hədəflərindən də söz açan təcrübəli oyunçu əsas məqsədlərinin liqada möhkəmlənmək olduğunu söyləyib: "Nə qədər yüksək yerlərdə olsaq, bizim üçün bir o qədər yaxşıdır".
Yunuszadənin sözlərinə görə, azərbaycanlı futbolçuların Türkiyə liqalarında çıxış etməsi ölkə futbolu üçün müsbət məqamdır: “Toral Bayramov "Bursaspor"a, Nəriman Axundzadə "Ərzurumspor"a keçdi. Biz burada özümüzü yaxşı tərəfdən göstərməklə gələcək oyunçular üçün yol aça bilərik. Mentalitet məsələsində də problem yaşamayacağam. Burada çox şey bizim ölkədəki ilə eynidir”.
Qeyd edək ki, ötən mövsümü “Karvan-Yevlax”da keçirən Elvin Yunuszadə “Boluspor”la 1 illik müqavilə imzalayıb. O, karyerası ərzində “Neftçi”, “Sabah” və “Qarabağ” kimi klubların da formasını geyinib.
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2
İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb
Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb
Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır