


“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
Bakı, 15 iyul, AZƏRTAC
“Şahdağ” Turizm Mərkəzində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illik yubileyinə həsr olunmuş “TourismLAB” yay düşərgəsi təşkil olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, düşərgənin əsas məqsədi turizm sahəsində təhsil alan gənclərin peşəkar bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, onların liderlik, komanda işi və praktik fəaliyyət istiqamətində bacarıqlarını gücləndirməkdir. Düşərgə, eyni zamanda, dövlət–universitet–özəl sektor əməkdaşlığının nümunəsi kimi çıxış edərək, turizm təhsili ilə sənayenin birgə fəaliyyətinin önəmini diqqətə çatdırır.
Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin tərəfdaşlığı ilə təşkil olunan düşərgədə ATMU-nun tələbələri iştirak edirlər.
“TourismLAB” yay düşərgəsi çərçivəsində iştirakçılar üçün turizm sənayesinin aktual mövzularını əhatə edən təlimlər, panel müzakirələri və master-klaslar keçirilir. Bununla yanaşı, komanda quruculuğuna yönəlmiş fəaliyyətlər, intellektual və idman yarışları, şəhər turu, eləcə də müxtəlif sosial və mədəni proqramlar təşkil olunur. Düşərgə proqramı iştirakçıların peşəkar inkişafını dəstəkləməklə yanaşı, onların kommunikasiya və komanda şəklində fəaliyyət göstərmək bacarıqlarının təkmilləşməsinə töhfə verir.
Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər
Əziz Şiriyev: Əvvəlki aylarla müqayisədə turizm sektorunda müəyyən canlanma müşahidə olunur
Yerli turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub