


Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Turizm Bürosu tərəfindən Türkiyənin 12 aparıcı turizm şirkətinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, tanışlıq səfərinin məqsədi iştirakçıları Azərbaycanın turizm potensialı, əsas turizm məhsulları və qonaqpərvərlik imkanları ilə yaxından tanış etmək olub.
Səfər çərçivəsində iştirakçılar Bakının UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş tarixi-mədəni məkanlarını, eləcə də Şamaxı, İsmayıllı, Qəbələ və Şəki rayonlarını ziyarət edərək ölkənin mədəni irsi, təbii turizm resursları, turizm infrastrukturu və istirahət imkanları ilə tanış olublar.
Proqram çərçivəsində B2B formatında şəbəkələşmə tədbiri təşkil edilib. Tədbirdə Türkiyə və Azərbaycan turizm sənayesi nümayəndələri arasında görüşlər keçirilib. Görüşlər zamanı turizm sahəsində əməkdaşlıq imkanları, qarşılıqlı tərəfdaşlıq perspektivləri və yeni işgüzar əlaqələrin qurulması məsələləri müzakirə olunub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 191 min 776 nəfər təşkil edib.
Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
AZAL: Bakı-Şımkent marşrutu Avropa reysləri ilə əlverişli əlaqəni təmin edəcək
Azərbaycanlı tərəfdaşlara Şımkentin turizm potensialı barədə məlumat verilib
Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib