


Beksultan Adilxanov: Bakı-Şımkent birbaşa aviareysi turizm və birgə layihələr üçün yeni imkanlar yaradacaq
Şımkent, 17 iyun, AZƏRTAC
Bakı ilə Şımkent arasında birbaşa aviareyslərin açılması Azərbaycan və Qazaxıstan arasında turizmin inkişafına kömək edəcək. Səyahət məkanı seçən turistlər, ilk növbədə, birbaşa uçuşlara üstünlük verirlər, çünki bu, səyahəti daha rahat və əlverişli edir.
Bu barədə Şımkent şəhərinin Turizm, Xarici Əlaqələr və Yaradıcı Sənaye Departamentinin müdiri Beksultan Adilxanov AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeni marşrutun istifadəyə verilməsi iki şəhər arasında turizm əlaqələrinin gücləndirilməsi üçün əlavə imkanlar yaradacaq.
Agentliyin müsahibi qeyd edib: “Səyahət istiqaməti seçilərkən, birbaşa hava əlaqəsi həmişə vacib amildir. Buna görə də əminik ki, yeni aviareysin açılması ilə həm Bakıdan Şımkent şəhərinə, həm də əks istiqamətdə turistlərin sayını artıracağıq. Bu marşruta böyük ümidlərimiz var və onun təşviqi üzərində fəal işləmək niyyətindəyik”.
İki şəhər arasında əməkdaşlıq perspektivlərindən danışan B. Adilxanov vurğulayıb ki, qarşılıqlı fəaliyyət turizm sektorundan kənarda da uğurla inkişaf edə bilər.
“Bu gün birgə investisiya, mədəni, təhsil və infrastruktur layihələrinin həyata keçirilməsi üçün əla imkanlar mövcuddur. Buna misal olaraq, hazırda Aktauda həyata keçirilməsi planlaşdırılan “Sea Breeze” layihəsini göstərmək olar. Bu cür təşəbbüslər regional inkişafa güclü təkan verə bilər, ona görə də uzunmüddətli perspektivdə onlar Şımkent üçün də maraqlı olardı. Şəhərimiz Qazaxıstanın cənubundakı ən böyük iqtisadi, nəqliyyat və mədəniyyət mərkəzlərindən biridir. Şımkent Türküstan, Daşkənd və regionun digər şəhərlərini birləşdirən mühüm beynəlxalq yolların kəsişməsində yerləşir. Onun təsir zonasında təxminən beş milyon insan yaşayır ki, bu da investisiyaları cəlb etmək və genişmiqyaslı birgə layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli potensial yaradır”, - deyə o əlavə edib.
Müxbir – Günel Alıyeva
Türkiyə turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
AZAL: Bakı-Şımkent marşrutu Avropa reysləri ilə əlverişli əlaqəni təmin edəcək
Azərbaycanlı tərəfdaşlara Şımkentin turizm potensialı barədə məlumat verilib
Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib