×
A
A
A
Sazlamalar

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Bakı, 12 iyun, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Almaniyanın Əsas Dəyərlər və Beynəlxalq Anlaşma Fondunun təşkilatçılığı ilə keçirilən 30-cu Beynəlxalq Berlin Toplantısında iştirak edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, toplantının “Dini etiqad azadlığının qorunması və təşviqi” mövzusuna həsr olunmuş panel iclasında çıxış edən Ramin Məmmədov bildirib ki, qlobal qütbləşmə, mədəni ziddiyyətlər və rəqəmsal dezinformasiya cəmiyyətlər arasında etimadı zəiflədir, xüsusilə dini azlıq qruplarını daha həssas vəziyyətə salır. O vurğulayıb ki, dini etiqad azadlığının təminatı dövlətlərin ardıcıl siyasəti və tolerantlıq mühiti ilə mümkündür.
Ramin Məmmədov qeyd edib ki, Azərbaycanda bütün dini icmalar üçün bərabər imkanlar yaradılıb, dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur və dövlət-din tərəfdaşlığı uğurla inkişaf edir.
Komitə sədri dini radikalizm və ekstremizmə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə müxtəlif layihələrin həyata keçirildiyini bildirib.
Ramin Məmmədov işğaldan azad edilmiş ərazilərdə dini-mədəni irsin bərpası, o cümlədən məscid və kilsələrin yenidən qurulması istiqamətində görülən işlərdən danışıb.
Çıxışında dini etiqad azadlığının qorunmasının qlobal məsuliyyət olduğunu bildirən Komitə sədri bu sahədə beynəlxalq əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Cəmiyyət 2026-06-12 17:36:00