


Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər
Bakı, 12 iyun, AZƏRTAC
“İnsan Hüquqları Aylığı” çərçivəsində iyunun 12-də Hüquq və İnsan Haqları İnstitutu Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda maarifləndirici məlumat sessiyası təşkil edib.
AZƏRTAC xəbər verir ki, sessiyanın keçirilməsində məqsəd jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirərkən insan hüquqlarının qorunması sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri və etik davranış standartları barədə məlumatlılığının artırılması olub.
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, media nümayəndələri insan hüquqlarının təbliği və ictimai şüurun formalaşdırılması sahəsində mühüm rol oynayırlar.
O qeyd edib ki, məhz media sahəsində insan hüquqlarına yanaşmanın mövcud vəziyyətini qiymətləndirmək məqsədilə institut tərəfindən müxtəlif media resurslarında yayımlanan materialların mütəmadi təhlili aparılır və monitorinqlər həyata keçirilir.
Bildirilib ki, təhlillərin nəticələri media nümayəndələrinin insan hüquqları sahəsində məlumatlılığının və peşəkar bacarıqlarının artdığını göstərsə də, bəzi xəbər materiallarında insan hüquqlarının qorunması və etik jurnalistika prinsiplərinin tətbiqi ilə bağlı əlavə diqqət tələb edən məqamlar hələ də müşahidə olunur.
Məhəmməd Quluzadənin sözlərinə görə, bu kimi halların aradan qaldırılması və media nümayəndələrinin insan hüquqları sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə müntəzəm olaraq təlim və məlumat sessiyaları keçirilir.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli insan hüquqlarının qorunması sahəsində medianın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Bildirib ki, jurnalistlər informasiya hazırlayarkən və yayarkən insan hüquqlarına hörmət etməli, peşə etikası və qanunvericiliyin tələblərinə riayət etməli, bu prinsipləri fəaliyyətlərinin ayrılmaz tərkib hissəsi kimi daim diqqətdə saxlamalıdırlar.
Qeyd edilib ki, insan hüquqlarının müdafiəsi və qorunması istiqamətində media nümayəndələrinin məsuliyyətli fəaliyyəti davamlı xarakter daşımalıdır. O bildirib ki, media cəmiyyətin məlumatlandırılmasında, ictimai rəyin formalaşdırılmasında və insan hüquqlarının təbliğində mühüm rol oynayır. Bu baxımdan jurnalistlərin peşə fəaliyyətində insan hüquqlarına həssas yanaşması xüsusi əhəmiyyət daşıyır.
Diqqətə çatdırılıb ki, informasiya hazırlanarkən və yayımlanarkən şəxsi həyatın toxunulmazlığına, insan ləyaqətinə, fərdi məlumatların qorunmasına və digər fundamental hüquqlara hörmət prinsipi daim gözlənilməlidir. İnsan hüquqlarının müdafiəsi və qorunması istiqamətində media nümayəndələrinin məsuliyyətli fəaliyyəti davamlı xarakter daşımalı, jurnalistlər peşə fəaliyyətlərini həyata keçirərkən həm milli qanunvericiliyin, həm də beynəlxalq jurnalistika standartlarının tələblərini rəhbər tutmalıdırlar.
Sessiyada institutun təlimçi-ekspertləri jurnalist fəaliyyətində daha çox rast gəlinən insan hüquqlarının pozulması halları və onların hüquqi nəticələri barədə ətraflı məlumat veriblər.
Xüsusilə təqsirsizlik prezumpsiyasının pozulması, şəxsi və ailə həyatına müdaxilə, fərdi məlumatların icazəsiz açıqlanması, uşaq hüquqlarının pozulması, ayrı-seçkilik və nifrət nitqini təşviq edən materialların yayılması, intiharla bağlı xəbərlərin hazırlanması zamanı etik qaydalara əməl olunmaması, həmçinin təhqir və böhtan xarakterli məlumatların yayımlanmasının yolverilməzliyi iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, insan hüquqlarının pozulmasına səbəb olan hərəkətlər qanunvericiliklə müəyyən edilmiş hüquqi məsuliyyət yaradır. Bu baxımdan media nümayəndələrinin peşə fəaliyyətində hüquqi normalara və etik prinsiplərə ciddi əməl etmələrinin vacibliyi vurğulanıb.
Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb, medianın fəaliyyətində insan hüquqlarına həssas yanaşmanın rolu və əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub