×
A
A
A
Sazlamalar

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Bakı, 10 iyun, AZƏRTAC

ABŞ və İran nüvə sazişi üzrə danışıqlar çərçivəsində uranın zənginləşdirilməsinə təxminən 15 illik qadağa tətbiq edilməsini müzakirə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ rəsmiləri və diplomatlara istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, tərəflər son həftələrdə potensial sazişin əsas elementləri üzrə danışıqlar aparıblar. ABŞ əvvəlcə 20 illik, İran isə 10 illik məhdudiyyət təklif etsə də, tərəflərin 15 il müddətində razılığa gələ biləcəyi bildirilir.
Müzakirələrdə həmçinin zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması, əsas nüvə obyektlərinin sökülməsi və beynəlxalq müfəttişlərin yoxlamalarına icazə verilməsi məsələləri yer alır. Mənbələrin məlumatına görə, hazırda yalnız mümkün razılaşmanın ilkin konturları müzakirə olunur.

Dünya 2026-06-10 01:43:00