


Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib
Paris, 10 iyun, AZƏRTAC
Belçikanın Baş naziri Bart De Vever Fransa və Almaniyanın gələcəyin altıncı nəsil Avropa döyüş təyyarəsi layihəsi üzrə razılığa gələ bilməməsini sərt tənqid edib. O, yaranmış vəziyyəti vaxt itkisi, təkəbbür və Avropa üçün ciddi strateji nəticələr doğuran "tam axmaqlıq" kimi qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, “Avropa Dostları” təşkilatının keçirdiyi "Single Market Summit 2026" panelində çıxış edən Belçika hökumət başçısı Paris və Berlin arasında davam edən fikir ayrılıqlarını kəskin ifadələrlə pisləyib.
“Bu səhər qəzetləri oxuyarkən Fransa və Almaniyanın altıncı nəsil Avropa döyüş təyyarəsi layihəsi üzrə razılığa gələ bilmədiyini gördüm və çox məyus oldum. Bu, nə qədər böyük vaxt itkisi və nə qədər təkəbbürdür”, – deyə o bildirib.
Bart De Veverin fikrincə, bu vəziyyət Avropa İttifaqının uzunmüddətli müdafiə müstəqilliyini və çəkindirmə qabiliyyətini ciddi şəkildə zəiflədir.
“Bu o deməkdir ki, biz özümüzü həm bu gün, həm də on ildən sonra hava müdafiəsi kimi strateji əhəmiyyətli bir sahədə əhəmiyyətsiz olmağa məhkum etmişik. Bu, tam axmaqlıqdır”, – deyə Baş nazir xəbərdarlıq edib.
O, həmçinin ayrı-ayrı milli hərbi təyyarə proqramlarının həyata keçirilməsi ideyasını rədd edərək müdafiə sənayesində əməkdaşlığın vacibliyini vurğulayıb.
“Kim düşünürsə ki, biz bunu təkbaşına və ya daha qısa müddətdə həyata keçirə bilərik, sadəcə reallığı görmür”, – deyə o qeyd edib.
Belçikanın Baş naziri Avropa paytaxtlarını təhlükəsizlik sahəsində daha məsuliyyətli və ardıcıl qərarlar qəbul etməyə çağırıb.
“Biz indi çətin qərarlar verməli və həmin qərarlara ən azı on il sadiq qalmalıyıq”, – deyə o vurğulayıb.
Bu açıqlamalar Fransa və Almaniyanın Avropa Gələcək Hava Döyüş Sistemi (SCAF) layihəsini dayandırmaq qərarı ilə bağlı xəbərlər fonunda səsləndirilib. Almaniyanın “Der Spiegel” nəşrinin məlumatına görə, layihənin dayandırılması Avropanın birgə döyüş təyyarəsi proqramının faktiki olaraq sona çatması anlamına gəlir.
Məlumata əsasən, Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron bu qərarla bağlı razılığa gəliblər.
Layihə Fransa şirkəti “Dassault Aviation” ilə Almaniya-İspaniya tərəfdaşlığını təmsil edən “Airbus” arasında sənaye liderliyi uğrunda uzunmüddətli fikir ayrılıqları səbəbindən dalana dirənmişdi. Proqramın ümumi dəyəri təxminən 100 milyard avro olaraq qiymətləndirilirdi.
2017-ci ildə Emmanuel Makron və Angela Merkelin təşəbbüsü ilə başladılan, 2019-cu ildə isə İspaniyanın qoşulduğu SCAF layihəsi 2040-cı ildən etibarən Fransanın “Rafale” və Almaniya-İspaniyanın “Eurofighter” döyüş təyyarələrinin əvəz olunmasını nəzərdə tuturdu.
ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir
NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir
Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib
Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir
“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır