×
A
A
A
Sazlamalar

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Bakı, 9 iyun, AZƏRTAC

“HÜDUD” əslində mənim üçün reallıqla abstraksiya arasındakı keçidi ifadə edir. Mən insan fiqurunu real obyekt kimi götürür və onu ilkin formasından uzaqlaşdıraraq yeni vizual formalar axtarmağa çalışıram. İnsanla yaranan yeni abstrakt forma arasındakı məsafə mənim üçün “hüdud” anlayışını yaradır. Lakin bu, sadəcə bir xətt deyil, geniş və çoxqatlı bir məkandır. İşlərimdə insan obrazı tamamilə yox olmur, eyni zamanda onun parçalanması və transformasiyası baş verir. Ümumilikdə sərginin və əsərlərin əsas ideyası da bundan ibarətdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “HÜDUD” sərgisinin müəllifi, rəssam Tural Möyüfov bildirib.
Rəssam bildirib ki, sərginin ideyası onun abstraksiyaya olan marağından qaynaqlanır. Onun sözlərinə görə, birdən-birə tam abstrakt yaradıcılığa keçmək ona gözləri bağlı halda naməlum bir məkana daxil olmaq hissi yaşadırdı.
“Bu, sanki sıx bir meşəyə girmək, lakin harada olduğunu və səni nə gözlədiyini bilməmək kimidir. Buna görə də qərara gəldim ki, reallıqda gördüyüm obyektlərdən çıxış edim. Bu obyekt insan da ola bilər, dağ da, ağac da, heyvan da. Mən onları ilkin, real forma kimi götürür və üzərində işləməyə başlayıram. Müxtəlif deformasiyalar və interpretasiyalar vasitəsilə formanı yenidən qurmağa çalışıram. Bu prosesdə yeni forma yaranır və həmin forma müəyyən qədər reallıqdan uzaqlaşaraq abstraksiyaya yaxınlaşır. Sərginin ideyası da məhz bu axtarış prosesindən doğub”, – deyə rəssam vurğulayıb.

Müxbir - Günel Alıyeva
Fotomüxbir - Orxan Kərimov

Mədəniyyət 2026-06-09 23:49:00