


Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkənin əlverişli coğrafi mövqeyi, müasir tibb infrastrukturu və yüksəkixtisaslı həkim potensialı bu sahənin inkişafına mühüm töhfə verir. Son illər Azərbaycanda səhiyyə sahəsinə qoyulan investisiyalar ölkəni regionun mühüm tibbi xidmət mərkəzlərindən birinə çevirmək potensialına malikdir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Liv Bona Dea International Hospital”ın baş direktoru Taner Özbek “Azərlotereya” ASC-nin “Media klub” layihəsi çərçivəsində jurnalistlər üçün qadın sağlamlığı mövzusunda maarifləndirici görüşdə deyib.
Qeyd edək ki, görüşdən sonra media nümayəndələri üçün mediatur təşkil olunub. Tədbirdə 30-dan çox media qurumunun xanım nümayəndəsi iştirak edib. Görüşdə qadın sağlamlığının qorunması, profilaktik müayinələrin əhəmiyyəti, süd vəzi xərçənginin erkən diaqnostikası, mamoqrafiya müayinələrinin rolu və sağlam həyat tərzinin təşviqi ilə bağlı təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.
Taner Özbek qeyd edib ki, müasir tibbdə bəzi xəstəliklərin müalicəsi zamanı müxtəlif ixtisaslar üzrə həkimlərin birgə qərar verməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə hospitalda mütəmadi konsiliumlar keçirilir və hər bir pasiyentin vəziyyəti fərdi şəkildə qiymətləndirilir.
“Biz inanırıq ki, bir xəstəxanada pasiyentin ehtiyac duyduğu bütün tibbi xidmətlər mövcud olmalıdır. Bu yanaşma diaqnozun daha dəqiq qoyulmasına və müalicənin effektivliyinin artırılmasına imkan verir”, – deyə baş direktor vurğulayıb.
Taner Özbek Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdıraraq, hospitalda xarici pasiyentlər üçün xüsusi xidmətlərin, o cümlədən “sağlamlıq vizası” istiqamətində dəstək mexanizmlərinin tətbiq edildiyini qeyd edib.
Baş direktorun sözlərinə görə, hospital sosial məsuliyyət layihələrinə də xüsusi önəm verir. Belə ki, hospital tərəfindən hər il şəhid ailələri və cəmiyyətin həssas təbəqələri üçün 35-40 sosial və tibbi dəstək kampaniyası həyata keçirilir.
Daha sonra media nümayəndələri üçün hospitalın fəaliyyəti, tibbi xidmət istiqamətləri və texniki imkanları barədə təqdimat keçirilib. Ardınca jurnalistlər cərrahiyyə, radiologiya, laboratoriya, pediatriya şöbələri, stasionar bölmələr, helikopter eniş meydançası və digər tibbi infrastruktur obyektləri ilə yaxından tanış olublar.
Tədbirin sonunda iştirakçılara özləri və ya ailə üzvləri üçün hospitalda “check-up” və mamoqrafiya müayinələrindən yararlanmaq imkanı təqdim olunub.
Müxbir - Pərvanə Qafarova
Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var
Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO
İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb