


Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
Qahirə, 9 iyun, AZƏRTAC
Avropa Komissiyası Əlcəzairin “Air Express Algeria” aviaşirkətini Avropa İttifaqının hava təhlükəsizliyi üzrə qara siyahısına daxil edib. Qurum şirkətdə hava nəqliyyatı təhlükəsizliyi ilə bağlı ciddi problemlərin olduğunu bildirib.
AZƏRTAC “əl-Cəzirə”yə istinadla xəbər verir ki, bununla da şirkətin Avropa İttifaqına üzv ölkələrin hava məkanında fəaliyyət göstərməsi və uçuşlar həyata keçirməsi qadağan olunub.
Avropa Komissiyasının açıqlamasında bildirilib ki, qərar aparılmış qiymətləndirmələr nəticəsində aviasiya təhlükəsizliyi sahəsində ciddi problemlərin və beynəlxalq təhlükəsizlik standartlarına uyğunluqla bağlı çatışmazlıqların aşkar edilməsindən sonra qəbul edilib. Qərarda pozuntuların mahiyyəti və qadağanın aradan qaldırılması üçün tələb olunan tədbirlər barədə əlavə məlumat verilməyib.
“Air Express Algeria” şirkəti isə hələlik Avropa Komissiyasının qərarına münasibət bildirməyib.
Qeyd edək ki, Avropa İttifaqının Hava Təhlükəsizliyi Siyahısı 2006-cı ildən tətbiq olunur və beynəlxalq təhlükəsizlik standartlarına cavab verməyən aviaşirkətlərin fəaliyyətinə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur. Siyahı mütəmadi olaraq yenilənir və aviaşirkətlərin, eləcə də müxtəlif ölkələrin mülki aviasiya qurumlarının fəaliyyətinin texniki qiymətləndirilməsi əsasında formalaşdırılır.
Eyni zamanda, Avropa Komissiyası Qırğızıstanda sertifikatlaşdırılmış bütün aviaşirkətlərin təhlükəsizlik göstəricilərinin yaxşılaşdığını nəzərə alaraq, onları qara siyahıdan çıxardığını açıqlayıb.
2002-ci ildə yaradılmış “Air Express Algeria” əsasən Əlcəzairin neft və qaz sektoruna xidmət göstərir. Şirkət işçi heyətinin daşınması, tibbi təxliyə, VIP reyslər və yüngül yük daşımaları sahəsində fəaliyyət göstərir.
Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib
Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir
“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib