×
A
A
A
Sazlamalar

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Beyləqan, 9 iyun, AZƏRTAC

Beyləqanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Səs və üfüq” adlı xor və “Mənim ölkəm: tarix və mədəniyyət” adlı rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və təhsil işçiləri, şagirdlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl Beyləqan Rayon Mədəniyyət Mərkəzinin foyesində “Mənim ölkəm: tarix və mədəniyyət” adlı rəsm müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə hər iki müsabiqə barədə ətraflı məlumat verilib. Sonra xor kollektivlərinin konserti olub. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov çıxış edərək müsabiqə iştirakçılarını təbrik edib, bu cür layihələrin gənclərin estetik zövqünün formalaşmasına, yaradıcılıq bacarıqlarının inkişafına və vətənpərvərlik ruhunun gücləndirilməsinə mühüm töhfə verdiyini bildiriblər.
Tədbirin sonunda “Mənim ölkəm: tarix və mədəniyyət” adlı rəsm müsabiqəsinin qaliblərinə, eləcə də “Səs və üfüq” xor müsabiqəsində I, II və III yerləri tutmuş kollektivlərə Fəxri fərman, həmçinin hər iki müsabiqədə fəal iştirak edən şagirdlərə və xor kollektivlərinə təşəkkürnamə təqdim olunub.

 

Müxbir – Tahir Ağaməmmədov

Regionlar 2026-06-09 21:51:00