


“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Azərbaycanın tanınmış memarlarından biri, Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin elmi işçisi Zərnaz İmanzadənin “İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimat mərasimi keçirilib. “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin tam maliyyə dəstəyi ilə işıq üzü görən kitab böyük İslam sivilizasiyasına, onun ənənələrinə, memarlıq və incəsənətinə artan qlobal maraq nəzərə alınaraq yazılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Leyla Güləliyeva bu gün təqdim edilən kitabın ölkəmizdə elan olunmuş "Şəhərsalma və Memarlıq İli" çərçivəsində nəşr olunmasının xüsusi əhəmiyyət daşıdığını, mövzusu və elmi dəyəri ilə nəşrin memarlıq irsinin öyrənilməsinə və təbliğinə mühüm töhfə verdiyini deyib.
"Azərbaycan Nəşriyyatı" olaraq belə sanballı araşdırmanın işıq üzü görməsinə dəstək verməkdən qürur duyuruq", - deyə L.Güləliyeva bildirib.
Bu mövzuya üz tutmasının səbəblərindən danışan kitabın müəllifi Zərnaz İmanzadə İslam dünyası, İslam sivilizasiyası, İslam mədəniyyəti, memarlığı, incəsənətinin namaz zamanı bütün dünya müsəlmanlarının üz tutduqları Məkkə, Kəbə və Məscidül-Həramdan başlandığını, dünya əhalisinin beşdəbir hissəsinin gündəlik ibadət zamanı üzünü, düşüncələrini və istəklərini həmin məkana doğru çevirdiyini deyib: "Bu yerlər müsəlmanların dini mərkəzi olmaqla bərabər, həm də çox dəyərli, möhtəşəm memarlıq və şəhərsalma abidələridir. Buna görə də bu yerlər haqqında yazmaq çox şərəfli və məsuliyyətli bir işdir. Mən bu yerlərə səfər etmiş insanlardan oranın necə böyük emosional təsir gücünə malik olduğu haqqında dəfələrlə eşitmişdim. Həmin hissi yaşamaq tamamilə başqa bir duyğudur. Bizim oraya ilk səfərimiz zamanı mənim keçirdiyim hissləri ifadə etmək çox çətindir. İlahiyyatçıların şəhərlərin anası adlandırdıqları Məkkə Səudiyyə Ərəbistanının digər şəhərlərindən fərqlənir. Onun çox cazibədar bir əhatəsi var. Ümumiyyətlə, İslam tarixinə dair çoxlu sayda əsərlər olsa da, Məkkə, Kəbə və Məscidül-Həram kimi müqəddəs məkanların şəhərsalma və memarlıq sənəti tədqiqatçıların diqqətindən kənarda qalaraq, ən az öyrənilmiş sahələrdən biri olub. Bu gün təqdimatı olan nəşr Azərbaycanda həmin mövzunu hərtərəfli əhatə edən ilk ciddi elmi-tədqiqat işidir. Lazımi materialların tapılaraq sistemləşdirilməsi çox uzunsürən bir proses oldu. Səudiyyə Ərəbistanı ilə yanaşı, olduğum digər ölkələrdə də daima materialların axtarışına başladım. Müxtəlifdilli ədəbiyyatlarla işləmək lazım gəldi. Kitab üç ayrı hissədən ibarətdir: "Müqəddəs Məkkə", "Müqəddəs Kəbə", "Məscidül-Həram". Qeyd etməliyəm ki, araşdırılan mövzu çoxşaxəli olduğundan bütün istiqamətlərin bir nəşr çərçivəsində tam əhatə olunduğunu iddia etmək olmaz. Ümidvaram ki, məndən sonra bu mövzunu kimsə davam etdirəcək".
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli kitabın bir neçə cəhətdən böyük əhəmiyyətə malik olduğunu deyib: "İndiyə qədər hər bir müsəlmanın maraq dairəsində olan, arzusunda olduğu müqəddəs Məkkə haqqında daha çox tanıtma kitabları, təşviqedici materiallar oxumuşuq. Lakin ilk dəfə olaraq bir azərbaycanlı müəllif İslamın müqəddəs mərkəzi olan Kəbə haqqında sistemli, əyani materiallarla müşayiət olunan monoqrafik tədqiqat ortaya qoyub. Mən bu əsərin janrını albom-monoqrafiya kimi dəyərləndirmək istəyirəm. Kitabın albom və monoqrafiya hissəsi, şəkillər və mətnlər bir-birilərini üzvi surətdə, əyani şəkildə tamamlayır. Kitabın mətn hissəsi, yəni monoqrafiya hesab etdiyim hissəsi İslamın ən qədim və müqəddəs mərkəzlərindən biri olan Məkkə haqqında çox əyani, canlı bir təsəvvür yarada bilir. Müəllif Məkkənin həm memarlıq, müxtəlif mərhələlərdəki inkişaf tarixini yazıb, həm də təkcə tarixi göstərməklə kifayətlənməyib, İslam sivilizasiyasının nümunəsi olan Məkkə memarlığının sənətkarlıq xüsusiyyətlərini şərh edib. Memarlıq tarixini izah edərkən müəllif memarlıq tarixi üzrə mütəxəssis, İslam sivilizasiyasının özünəməxsus xüsusiyyətlərini cəmləşdirən Məkkə sənətkarlığı haqqında danışanda isə sözün əsl mənasında, bir sənətşünas kimi diqqət çəkir. Hesab edirəm ki, bu kitab Zərnaz İmanzadənin memarlıq tarixi ilə memarlıq nəzəriyyəsi və memarlıq sənətkarlığı haqqında biliklərinin, öyrəndiklərinin vəhdətini ortaya qoyur.
Eyni zamanda, kitabda müəllifin özünün çəkdiyi və yaxud da özünün iştirakı ilə çəkilən fotolar yer alıb. Bu da müəllifin həm də fotoqrafiya baxımından incə bir zövqə malik olduğunu, özünəməxsus baxışları olduğunu göstərir. Bütövlükdə kitab Azərbaycanda İslam sivilizasiyasına həsr olunmuş qiymətli əsərlərdən biridir. Bu kitab müqəddəs Kəbə və Məkkə haqqında canlı, əyani təsəvvür yaradan və sivilizasiyanın bütün inkişaf mərhələlərini özündə əks etdirən tədqiqat əsəri kimi də maraqlıdır. Hesab edirəm ki, bu kitab Kəbəyə, Məkkəyə fotoların gözü və mətnlərin iştirakı ilə qiyabi səyahət üçün də tam bələdçilik etmək imkanlarına malikdir".
Daha sonra çıxış edən tarix elmləri doktoru, professor, ictimai-siyasi xadim Dilarə Seyidzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü professor Ərtegin Salamzadə, Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova çıxış edərək, kitabın məzmun və faktoloji məlumatları özündə cəmləşdirməsi baxımından çox dəyərli bir əsər olduğunu bildiriblər. Qeyd olunub ki, kitab gələcəkdə İslam memarlığı, İslam şəhərsalması mövzusu ilə məşğul olacaq gənc alimlər üçün kifayət qədər əhatəli bir mənbədir.
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub