×
A
A
A
Sazlamalar

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Bakı, 9 iyun, AZƏRTAC

Bu ilin əvvəlindən başlayaraq Azərbaycana həm Avropa, həm də Şərq dövlətlərindən hərbi nümayəndə heyətləri gələrək əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırlar.
Hazırda Azərbaycan ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Estoniya, Fransa və digər Avropa dövlətləri ilə yanaşı, Çin, Qazaxıstan, Özbəkistan, Pakistan, Türkiyə və başqa dövlətlərlə də hərbi əməkdaşlıq əlaqələrini davam etdirir. Yuxarıda adı çəkilən dövlətlər arasında NATO kimi hərbi-siyasi bloka daxil olan və bu blokdan kənarda qalan dövlətlər də var. İstər NATO üzvü olan, istərsə də üzv olmayan dövlətlərin Azərbaycan ilə hərbi əməkdaşlığa can atmaları heç də təsadüfi xarakter daşımır.
AZƏRTAC xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi və İran ətrafında cərəyan edən hərbi-siyasi proseslər qlobal güclərə etimadın azalmasına, eyni zamanda, beynəlxalq təhlükəsizlik balansının dəyişməsinə səbəb olub. ABŞ Prezidenti Donald Trampın Avropanın təhlükəsizliyində əvvəlki kimi fəal rol oynamaq istəməməsi və ümumi təhlükəsizlik məsələlərinə maliyyə dəstəyini məhdudlaşdırması Avropa ölkələrini yeni çıxış yolları axtarmağa sövq edib. ABŞ-ın NATO üzvü olan Avropa dövlətlərini İrana qarşı mümkün hərbi əməliyyatlara qoşulmağa çağırmasına baxmayaraq, bu təşəbbüs dəstək qazanmayıb. Nəticədə, Vaşinqton Avropanın təhlükəsizliyinin təmin edilməsində üzərinə götürdüyü bəzi öhdəlikləri yenidən nəzərdən keçirməyə başlayıb. Bu şəraitdə Avropa artıq yalnız bir güc mərkəzinə bağlı qalmaq istəmir. Enerji təchizatını şaxələndirdiyi kimi, hərbi-siyasi tərəfdaşlıqlarını da genişləndirməyə çalışır.
Azərbaycan 2020-ci ildən sonra beynəlxalq ictimaiyyətə öz ərazi bütövlüyünü təmin etmək və torpaqlarını işğaldan azad etmək əzmində və gücündə olduğunu nümayiş etdirdi. Bu gün Azərbaycan real döyüş meydanında qələbə qazanmış, peşəkar və güclü orduya malik dövlət kimi tanınır. Qırx dörd günlük Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycan Silahlı Qüvvələrinin imkanlarını və döyüş qabiliyyətini bütün dünyaya göstərdi. Təsadüfi deyil ki, müharibədən sonrakı dövrdə Azərbaycanla İtaliya, Rumıniya və digər Avropa ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb. Bəs bu əməkdaşlıq Azərbaycana nə qazandıra bilər? İmzalanan sənədlər birgə hərbi təlimlərin keçirilməsini, təcrübə və bilik mübadiləsini, eləcə də hərbi qurumlar arasında davamlı dialoqun və əməkdaşlığın inkişafını nəzərdə tutur.
Müxtəlif ölkələrlə hərbi əməkdaşlığın genişləndirilməsi ordunun fərqli hərbi ssenarilərə daha yaxşı hazırlaşmasına şərait yaradır. Hərbi-texniki əməkdaşlıq isə yeni texnologiyaların, silah sistemlərinin və müasir idarəetmə yanaşmalarının öyrənilməsi və tətbiqi üçün əlavə imkanlar açır. Eyni zamanda, müxtəlif tərəfdaşlarla əlaqələrin inkişafı hərbi sahədə hər hansı bir mərkəzdən asılılığın azalmasına və əməkdaşlıq imkanlarının şaxələndirilməsinə xidmət edir.
Beləliklə, Avropa ölkələri Ukrayna müharibəsinin ortaya çıxardığı təhlükəsizlik çağırışlarını nəzərə alaraq Azərbaycanla münasibətləri yalnız enerji sahəsində deyil, hərbi istiqamətdə də inkişaf etdirməyə çalışırlar. Bu əməkdaşlıq həm tərəflər arasında strateji əlaqələrin möhkəmlənməsinə, həm də regional və qlobal təhlükəsizlik məsələlərində qarşılıqlı maraqların təmin olunmasına xidmət edir.
Ötən ay Bakıya rəsmi səfər edən İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata açıqlamasında bildirib ki, Avropa regionunda inteqrasiya əlaqələri nə qədər güclü olarsa, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün imkanlar da bir o qədər genişlənər.
Dünyada geosiyasi rəqabətin getdikcə dərinləşməsi və müxtəlif bölgələrdə yeni gərginlik ocaqlarının yaranması fonunda Azərbaycanın öz təhlükəsizliyini təmin etmək qabiliyyəti, güclü hərbi potensialı və müstəqil siyasəti Avropa ölkələrinin diqqətini cəlb edir. Azərbaycan isə təhlükəsizlik məsələlərində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa açıq mövqe nümayiş etdirir. Rəsmi Bakının əsas məqsədi regionda dayanıqlı sülhün təmin olunmasına, iqtisadi inkişafın sürətləndirilməsinə və əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verməkdir.

Siyasət 2026-06-09 12:53:00