×
A
A
A
Sazlamalar

ADU və Mərmərə Universitetinin əməkdaşlığı çərçivəsində “İspan dili - akademik dil” adlı tədbir təşkil olunub

Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) ilə Türkiyənin Mərmərə Universiteti arasında mövcud əməkdaşlıq çərçivəsində “İspan dili - akademik dil” adlı genişmiqyaslı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi iki ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığı gücləndirmək, tələbələrin dil bacarıqlarını inkişaf etdirmək və onların beynəlxalq təcrübə qazanmasına dəstək verməkdir.
Tədbirdə ADU-nun və Mərmərə Universitetinin tələbələri ispan dilində müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.
Proqramın ikinci günündə Tərcümə fakültəsinin Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Elvira İmanova və Müasir dillər kafedrasının baş müəllimi Nərgiz Mədətova tərəfindən ispan dilinə tərcümə olunmuş “Yadigar” filmi nümayiş etdirilib.
Tədbirdə, həmçinin İstanbul Servantes İnstitutunun direktoru Fernando Vara de Rey, institutun əməkdaşı Manuel Fernández-Konde, Valladolid İspan Dili Fondunun direktoru Natalia Martín, Argentina Respublikasının İstanbuldakı konsulluğunun nümayəndəsi və meksikalı şair Eduardo Mosches iştirak ediblər.
Sonda ADU-nun 3 tələbəsi Valladolid Dil Mərkəzində 2 həftəlik ödənişsiz təhsil kursu qazanıb. Bütün iştirakçılar sertifikatla təltif olunublar.

Elm və təhsil 2026-06-05 16:30:00