×
A
A
A
Sazlamalar

“Səfəvi tarixinə dair Florensiya Dövlət Arxivinin sənədləri” kitabı təqdim olunub

Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Elm və Təhsildə İnkişaf” İctimai Birliyi tərəfindən nəşr edilmiş “Səfəvi tarixinə dair Florensiya Dövlət Arxivinin sənədləri” kitabının təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Əvvəlcə institutun elmi işlər üzrə direktor müavini dosent İlqar Niftəliyev nəşrin əhəmiyyətindən söz açıb. Daha sonra kitabın tərtibçisi, transkripsiya, italyancadan tərcümə, giriş və qeydlərin müəllifi, tarix üzrə fəlsəfə doktoru Əhməd Quliyev çıxış edib. O bildirib ki, kitabda Səfəvi-Osmanlı münasibətlərinə və Səfəvi-Avropa diplomatik əlaqələrinə dair Florensiya Dövlət Arxivində saxlanılan 203 sənəd yer alıb. Qeyd edib ki, bəzi sənədlərdə tariximiz üçün əhəmiyyət kəsb edən hissələr seçilərək transkripsiya olunub və italyancadan tərcümə edilərək nəşrə daxil edilib.
Kitabın elmi redaktoru tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli, rəyçiləri dosentlər Fərəh Hüseyn və Nərgiz Axundova çıxışlarında nəşrin Səfəvi tarixinin araşdırılması baxımından tədqiqatçılara faydalı olacağını vurğulayıblar.
Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilmiş kitab tarixçilər, Səfəvilər dövlətinin tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Elm və təhsil 2026-06-05 16:07:00